ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) I
ƏFZƏLƏDDİN XAQANİ
(1126-1199)
Tərtib edən: Milli Elmlər Akademiyasının
həqiqi üzvü, akademik Bəkir Nəbiyev
Əfzələddin Xaqani Şirvani yalnız Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmi keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin, nəhayət, kamil mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.
I
Mütəmadi olaraq davam edən xarici təcavüzlərə məruz qaldığına, feodal zülmünün törətdiyi ağır əngəllərə baxmayaraq istedadlı Azərbaycan xalqı tarix boyu həmişə olduğu kimi, erkən orta əsrlərdə də ölkədə elmi, mədəniyyəti, ədəbiyyatı, özəlliklə də poeziyanı inkişaf etdirib zənginləşdirirdi. Bu sahədə məşhur şair və filosof Əfzələddin Xaqani Şirvaninin xüsusilə böyük tarixi xidmətləri vardır. Ərəb xilafətinin əvvəlki qüdrətini itirməsi, səlcuqlar hakimiyyətinin zəifləməsi nəticəsində on ikinci əsrdə Azərbaycanda paytaxt Naxçıvan olmaqla Eldəgizlər, paytaxt Marağa olmaqla Ağsunqurlar, paytaxt Şamaxı olmaqla Şirvanşahlar dövlətləri kimi, o qədər də böyük əhatə dairəsinə malik olmadıqlarına baxmayaraq, müstəqil inzibati qurumlar yaranıb səmərəli fəaliyyət göstərməyə başlamışdılar. Şamaxıda sənətkarhq, memarlıq, ticarət sürətlə inkişaf edirdi. Şirvanın zərif ipəyi də buraya daxil olmaqla, yaxın-uzaq ölkələrə çeşidli maddi nemətlər aparıb satan yerli tacirlər qayıdanda digər qiymətli mallarla yanaşı vətənə kağız, maraqlı bədii və elmi əsərlərdən ibarət əlyazma kitabları da gətirirdilər. Şirvanda böyük vüsət alan tədris ocaqlarmda (mədrəsələrdə) zəmanəsinin kamil bilik sahibi olan müəllimlər dərs deyirdilər. Poeziya əvvəlki əsrlərdə görünməmiş bir vüsətlə inkişaf edirdi. Əbül Üla Gəncəvi (1096-1159), Fələki Şirvani (1108-1146), Xaqani Şirvani (1126-1199) kimi böyük şairlər məhz XII əsrdə Şirvanda parlamışdılar. Sarayın ştat cədvəlində məliküş-şüəra deyilən vəzifə vahidinin olması da təsadüfi sayıla bilməz. Bu zaman qarşılıqlı ədəbi əlaqələr genişlənirdi. Xaqaninin əsərlərində tez-tez qarşılaşdığımız, qədim yunan, fars, türk, hind tarixinə, mədəniyyətinə, ərəb dünyasma, islam tarixinə dair zəngin məlumat da bir daha sübut edir ki, o vaxt Şamaxıdakı kitab mərkəzlərində və Şirvanşahların saray kitabxanasmda çoxlu qiymətli əsərlər toplanıbmış.
Xaqani o zamankı Yaxm Şərq müsəlman aləmində geniş yayılmış ərəb, fars, türk (Azərbaycan) dillərini mükəmməl bilmişdir. Şairin bu dillərin hər üçündə şeir yazdığı heç bir şübhə doğurmur. Lakin o dövrün görkəmli Azərbaycan sənətkarlarının bir çoxu kimi onun da ana dilində əsərləri məlum səbəblər üzündən bizə gəlib çatmamışdır. Bununla belə, qədim oğuz yurdu Şamaxıda dünyaya göz açan, sonralar böyük səxavətlə tərənnüm etdiyi Azərbaycan türkü ailəsində böyüyən, təkcə qolu-biləyi deyil, fikri, duyğusu, mənəviyyatı da burada formalaşan şair doğma dilini də yaxşı bilmiş, bu dildə də yazmışdır. Onun ənənəyə, baza təhsilinə əsasən daha çox fars dilində yazdığı və xoşbəxtlikdən zəmanəmizə qədər gəlib çıxan əsərləri şairi dünya poeziyasının parlaq simaları sırasına yüksəltmişdir.
Xaqaninin əsərlərində Azərbaycan ruhu, türk ahəngi həmişə bariz şəkildə özünü göstərmişdir. Ədəbiyyat tarixçiliyimizin atası Firidun bəy Köçərli özünün məşhur “Azərabycan ədəbiyyatı” tədqiqatının Məliküşşüəra Bahar Şirvaniyə həsr olunmuş oçerkində yazır ki, farslar özləri Xaqaninin şeirlərini oxuduqda iqrari-etiraf edib deyirlər: “Buye-tork miayəd”. Yəni ki, bu əsərlərdən “türk ətri gəlir”. (Göstərilən əsər, 2-ci cild, səh. 11). Akademik Həmid Araslı isə şairin əsərlərinin dilindəki ətmək (çörək), su, tanqrı, yalavac, ağ sunqur, sənsən, axca, daş, xan, atabəy, xatun, qazğan (qazan), vuşaq (uşaq) və digər Azərbaycan sözlərinin yaxşı bir siyahısmı vermiş, bununla da Xaqaninin əsərlərindəki ana dili aurasının yaşarılığını bir daha təsdiq etmişdir. Xaqani irsinin şəxsən tanıdığım ən məşhur və cəfakeş tədqiqatçısı, öz alim ömrünün ən azı 30 ilini onun əsərlərinin öyrənilməsinə və şərhinə həsr etmiş professor Qafar Kəndli bu böyük sənətkarı bütün region ölkələrində Azərbaycanm mötəbər şeiriyyət bayrağmı qaldırmış nəhəng istedad kimi şərəfləndirməkdə tamamilə haqlı idi. Həqiqətən də Şərq intibahının, özəlliklə də Azərbaycan poeziyasının dünya şöhrətindən söz düşəndə munis simaları xəyalımızda ilk canlanan iki böyük və qüdrətli dühanın biri Nizami Gəncəvi, digəri isə onun ağsaqqal müasiri Xaqani Şirvani olub. Şairin dərin bəşəri məzmunlu, çoxjanrlı yaradıcılığı, başdan-başa şərin, zülmün, bədxahlığın qətiyyətli tənqid və ifşasma, mərdliyin, xeyirxahlığın, nəcibliyin, gözəlliyin, saf məhəbbətin ehtiraslı tərənnümünə və təbliğinə həsr olunmuş əsərləri çox tez məşhurlaşmışdır. Gənclik çağlarmdan dağ çeşməsi kimi çağlayan nadir poetik istedadı, yeri gələndə bədahətən, özü də nizamlı və mənalı şeir demək hünəri onu hələ 18 yaşmda ikən o zamanm sayılan dövlətlərindən olan Şirvanşahlar səltənətinə gətirmişdir. Bu parlaq istedad dövrünün ədəbi-ictimai mühitində ən ali məqam kimi şərəfləndirilən “Xaqani” (xaqanlara məxsus) təxəllüsünə layiq görülmüşdür.
Azərbaycan ədəbiyyatının məşhur tədqiqatçısı Həmid Araslı özünün “Xaqani Şirvani” kitabına böyük sənətkarın məhz bu qənaətini epiqraf vermişdi: Azadlıqdan gözəl nemət yoxdur (Bakı, 1982). Zəmanəsinin bir çox elmlərini, klassik poeziyanı, fəlsəfi-ictimai fikir tarixini dərindən öyrənmiş Xaqaninin bütün zamanlarda və ictimai quruluşlarda aktual olan bu qənaətə gəlməsində təəccüblü və qeyri-adi bir şey yox idi. Onun sələfləri və müasirləri olan şair və filosoflarm əsərlərindən (işraqilərdən üzü bəri) insan azadlığının fövqəladə bir nemət olduğunu təsdiq edən istənilən qədər etiraflar və əsaslandırmalar tapmaq olar. Lakin azadlığın insan üçün heç şeylə müqayisəyə gəlməyən çox böyük bir nemət olduğunu Xaqani yalnız müdriklərin əsərlərindən öyrənməmişdi. Bu böyük dərsi şair özünün həyat kitabının gah ürək açan, gah da qan qaraldan əlvan səhifələrindən oxumuş, ona görə də lap dərindən mənimsəyib özünün sarsılmaz şəxsi əqidəsinə çevirmişdi. Bir qədər qabağa qaçaraq göstərməyi vacib sayıram ki, məşhur “Həbsiyyə”ləri Xaqaninin dəfələrlə tale yazısı olmuş zindan həyatının ölməz poetik abidəsidir. Burada mətin, vüqarlı bir sənətkarın uzun zaman davam edən ağır həbsxana əzabları, azadlıq yanğısı, onun böyük fiziki və mənəvi sıxıntılar içində başa vurduğu məhbus həyatının cəhənnəm zillətinə bərabər hadisələri ürəkləri yandıran qüvvətli poetik vasitələrlə əks olunmuşdur. Əsrinin ədalətsiz hökmdarlarına, rüşvətxorluğu özünə peşə etmiş saray məmurlarma, dindən gəlirini artırmaq üçün istifadə edən bəzi ikiüzlü ruhanilərə qarşı sonsuz qəzəb və nifrət şairin “Həbsiyyə”lər silsiləsinin hər bir səhifəsindən boy göstərməkdədir.
***
Əfzələddin Xaqani Şirvani 1126-cı ildə qədim Şamaxıda (bəzi mənbələrə görə onun Məlhəm kəndində) dünyaya göz açmışdır. Şair doğma Şirvanı, pərvazlanıb sənətin göylərinə ucaldığı Şamaxını və onun insanlarını əsərlərində dönə-dönə tərənnüm etmiş, bu ecazkar diyarda anadan olduğundan fərəhlə söz açmışdır.
Şirvan ki, var, hər cəhətdən ülviyyətin aynasıdır,
Onun suyu, səhər yeli dərdlərimin dəvasıdır.
Şirvan əhli alicənab yaranmışdır, basdan-başa,
O yer gözəl təbiətli bir lətafət məvasıdır.
Çörəkləri arpadan da olsa, yenə qanedirlər,
Düyü qədər pulu olsa qürrələnməz, ədasıdır.
Əsərlərindən, özəlliklə “Töhfətül-İraqeyn” adlı mənzum səyahətnamə-sindən öyrənirik ki, gələcəyin böyük şairinin mənsub olduğu ailə bütün ətrafda öz əlinin zəhmətib mütəvaze həyat sürən mötəbər sənətkarlar ocağı kimi tanmırdı. Əfzələddinin babası Osman toxuculuq, ipəkçiliklə məşğul olur, atası Əli dülgərlik edirdi. Anası Rabiə xanım da öz cəhrəsində iplik əyirməklə ailənin dolanacağına kömək edirdi. Rabiə xanım yüksək mənəviyyatlı bir ana kimi balaca Əfzələddinin tərbiyəsində, onun qeyrətli, doğruçu, cəfakeş yeniyetmə kimi böyüməsində mühüm rol oynamışdı. Atası Əli Nəccar oğluna öz peşəsini öyrətmək niyyətində olduğu üçün onun təhsilinə xüsusi qayğı göstərmirdi. Lakin həkimlik edən əmisi Kafiyəddin Ömər balaca İbrahimin biliklərə olan həvəsini və istedadının ilk cücərtilərini görüb onunla özü məşğul olmağa başlamışdı. Kafiyəddin Ömər həm də filosof idi. O, qardaşı oğlunun öyrənmək ehtirasını nəzərə alaraq onunla məşğələlərinin mövzu dairəsini genişləndirir. Qurani Kərimi başa çıxan gənc elm təşnəsinə fəlsəfə, riyaziyyat, ədəbiyyat və dilçilikdən dərs deyir, məntiq elminin əsaslarmı öyrədir. Şeir yazmaq sahəsində ilk uğurlu addımlar atmağa başlayan gələcək şairə ədəbiyyat nəzəriyyəsi barədə təlim keçir.
Bir insan və bir şair kimi yetişməsində çox nəcib əməlləri və böyük qayğıkeşliyi ilə heç nə ilə əvəz edilməsi mümkün olmayan taleyüklü rol oynamış əziz əmisinin xeyirxahhğmı Xaqani dəfələrlə etiraf etmiş, onu həmişə rəhmətlərlə yada salmışdır:
Bil: əmim Ömərin sayəsində mən
Yetimlik divinin qaçdım əlindən.
Atam dözməyərək dərdə cahanda
Sam Zalı atan tək məni atanda
Əmim simürq kimi sərfe dib əmək,
Qanadı altına alaraq, Zal tək –
Qaldırdı biliyin Qafına həmən.
Bəsləndim onun öz yuvasında mən.
O oldu həmişə mənə mehriban,
Yaralı könlümə o qoydu dərman.
Gördü söz mülkünə mən bir hakiməm.
Adımı o qoydu: Həssani-Əcəm.
Həssani-Ərəb VII əsrdə yaşamış istedadlı şair olub Məhəmməd peyğəmbərin bəşəriyyət qarşısındakı mübarək missiyasını tərənnüm edən şeirlərilə ədəbiyyat tarixində şərəfli yer tutur. Əmisinin öz qardaşı oğluna verdiyi “Həssani-Əcəm” təxəllüsü peyğəmbərimizin yaxın dostu və səmimi tərənnümçüsü olan Həssani-Ərəbin təxəllüsünə yaraşdırma kimi çox gözəl düşünülmüşdü və Xaqani bir sıra əsərlərini məhz bu təxəllüslə yazmışdır.
Şamaxı ədəbi mühitində öz gözəl şeirləri ilə artıq diqqət mərkəzində olan 18 yaşlı şairin sorağı Şirvanşahlar sarayına çatır və gələcək qaynatası, məliküşşüəra Əbül Üla Gəncəvinin tövsiyəsi ilə o, sarayda fəaliyyətə başlayır. İlk çağlarda şairin qarşısında böyük yaradıcılıq imkanları açılır. O, əla bildiyi ərəb, fars və türk dillərində saray kitabxanasında mövcud olan qiymətli ədəbi və elmi əsərləri acgözlüklə oxuyur, öyrənir, məhəbbət şeirlərini, mədhiyyələrini yazır, maddi cəhətdən təmin olunur. Ona öz ölkəsində bir şair kimi ən yüksək zirvədə durduğunu təsdiq edən “Xaqani” təxəllüsü verilir.
Əbül Üla saraya gətirdiyi Xaqaninin qısa bir müddətdə əldə etdiyi çox böyük uğurlarını görüb əvvəllər başqa bir şair və astronoma – Fələki Şirvaniyə vermək istədiyi qızını Xaqaniyə nişanlayır və gənclərin izdivacı baş tutur. Xaqani özünün allah vergisi olan parlaq istedadı ilə nəinki ətrafındakı həmkarlarmı, hətta sarayda şairlərin əmiri, məliküş-şüəra vəzifəsində çalışan qaynatasını da geridə qoyur. Peşə rəqabəti öz yerində, digər bir məsələ də Əbül Ülaya rahatlıq vermirdi. Xaqaninin ictimai qənaətləri getdikcə büllurlaşır və o, ətrafına daha diqqətli nəzərlərlə baxdıqca insanlar arasındakı münasibətləri gur bir işıq altında görür və saray xadimlərini, mənsəb sahiblərini kəskin tənqid edən əsərlər də yazır. Qaynatası onu bu yoldan daşındırmağa çalışır, kürəkəninin ifşaçı əsərlərinin məliküş-şüəraya da ciddi zərər vuracağmdan qorxaraq gələcəkdə özünə alibi, maddi sübut olmaq etibarilə onun əleyhinə həcv yazır və əlbəttə, kürəkənindən cavab həcvi alır. Beləliklə də, 1148-ci ildən etibarən tədriclə Xaqaninin mənəvi dünyasmda yeni intibah əlamətləri özünü göstərməyə başlayır. Şair mədhiyyəçilikdən qurtulmaq, saraydan uzaqlaşmaq üçün çalışsa da istədiyinə müvəffəq olmur. Hətta Xorasana, Kərbəlaya, Məkkəyə gedib müsəlman müqəddəslərini ziyarət etməyə də bir müddət ona icazə vermirlər. İstedadsızların canfəşanlıq etdikləri saray mühiti şairi bezdirir. Nəhayət, böyük çətinliklə olsa da İraqa, oradan da Məkkeyi-mükərrəməyə getməyə razılıq alır. Bu səfərdən sonra nüfuzu və hörməti daha da artan Xaqani ox olub paxıl və istedadsız cuğullarm gözünə batır, onların daha fəal intriqalarına hədəf olur. Şair 1170-ci ildə saraydan uzaqlaşmaq məqsədilə Şirvanı xəbərsiz-ətərsiz tərk etməyə təşəbbüs göstərir. Lakin I Əhsitanın əmrilə tutulub geri qaytarılır, Şabran qalasında zindan həyatı yaşamağa məhkum edilir. Şairin zindan əzablarmı əks etdirən məşhur “Həbsiyyə”sinin ibrətamiz beytləri yaranır.
Şirvanda bədxahlar mühitinin şairə qənim kəsildiyinə, orada uzun müddət zindanda “cəza” çəkdiyinə baxmayaraq yenə də doğma yurd Xaqani üçün həmişə əziz olmuş, xaricdəki ən xoş günlərində də vətənin cazibəsi onu heç vaxt tərk etməmişdi. Bağdad xəlifəsi Xaqanini yaşamaq və yaratmaq üçün öz sarayına dəvət edərkən o, dərin səmimiyyət duyğusu ilə bu yüksək dəvətdən imtina etmişdi. Aşağıdakı beytlər şairin öz ölkəsinin çox böyük vətənpərvəri olduğunun dərin səmimiyyət duyğusu ilə ifadəsidir:
Şahlar məclisimdə diz çökər mənim,
Başıma təbəqlə zər tökər mənim.
Lakin üzüm gülməz, gözlərim ağlar,
Qəlbimdə dağ boyda ağır intizar.
Yurdun həsrətilə töküb göz yaşı
“Ah, vətən!” deyərəm hər sözün başı…
Xaqani Şamaxını zövq-səfa naminə, keyfi üçün tərk etmirdi. Bunu demişik. O doğma yurdundan həmişə böyük çətinliklə, dərin təəssüf duyğuları ilə ayrılırdı. Qitələrindən birindəki etirafı da bunu təsdiq etməkdədir:
O köç günü ki, mən etdim vida Şirvana,
Təəssüf eylədi qəlbim, ciyər alovlandı.
Yanıb fəraq oduna, mən Arazla üzləşdim,
Araz görüb halımı, od tutub o da yandı.
Ahım kimi iti cıxdı, qəmim kimi coşdu,
Xüruşə gəldi könül tək, kədərlə çalxandı.
Atası haqqında xatirələrində şair bəzi namərdlərin onun doğma yurdunu Şərvan adlandırmasına özünün qəti etirazını bildirir və israr edir ki, bu torpağa nahaq yerə özgə ad uydururlar. Şamaxı heç vaxt fitnə-şər yuvası ola bilməz. Bu yeri Allah xeyir işlərin baş tutması üçün gözəl bir meydan kimi yaradıb:
Nə qədər məskənim bu xoş məkandır,
O şərvan deyildir, bir xeyrəvandır.
Xaqaninin vətənpərvərlik mövzusunda yazılmış əsərləri arasmda “Savalan dağının tərifi” öz qiymətli fikri-bədii keyfiyyətləri etibarilə xüsusi yer tutur:
Şamaxı! Ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana, –
Ümidim, pənahım Təbrizdir, Təbriz,
O şəhər də mənə mehriban, əziz.
Siz mənə həyatı etdiniz əta,
Sən mənə anasan, Təbrizsə ata.
Anasından küsən körpə bir uşaq –
Ata ağuşunda yer tapar ancaq!
Bu gözəl, səmimi kəlam ilk növbədə Xaqaninin bütün varlığı ilə doğma yurduna bağlılığının, Şirvana, Şamaxıya bəslədiyi sonsuz məhəbbətin yüksək bədii təzahürü kimi qiymətlidir. Lakin sona doğru əsərdə ikinci bir motiv -Təbriz mövzusu boy göstərir və sənətkar onu son dərəcə təbii bir ahənglə birinci mövzuya peyvənd edir, nəticədə oxucu həm Şamaxı, həm də Təbriz daxil olmaqla bütöv, böyük Azərbaycan mövzusuna qovuşur və bundan qürur duyur. Xaqaninin bu könül oxşayan beytləri indi hamımızm ən həssas duyğumuza çevrilmiş Cənubi Azərbaycan probleminə dair cildlərlə kitabın epiqrafı olacaq dərəcədə aktual, təbii və ahəngdar səslənir. Şimali Azərbaycanla Cənubi Azərbaycanı bir-birinə əbədilik bağlayan bu canlı atributlar (Şamaxı-ana, Təbriz-ata, şair isə bir qədər ərköyün təbiətli əziz övlad) Azərbaycanımızın vəhdətini tərənnüm etmək baxımından dahi Xaqaninin əsrlərin arxasından həm o tayda, həm də bu tayda nəsillərimizə vüqarla təqdim etdiyi təkrarsız mənəvi ərməğandır.
***
1178-ci ildə zindandan azad olandan sonra ilk imkan əmələ gələn kimi Xaqani Təbrizə köçüb ömrünün sonunadək orada yaşamışdır. O, 1199-cu ildə, 73 yaşında ikən dünyasını dəyişmiş, Təbrizdə görkəmli şairlərin şərəfinə “Məqbərütüş-şüəra” adlandırılan qəbiristanlıqda dəfn olunmuşdur. (XX əsrin qüdrətli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın da məzarı bu qəbiristanlıqdadır). Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı Muzeyində Xaqaninin qəbir daşının bu məzmunda estanpajı qorunub saxlanır: “Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzəbddin İbrahim Xaqani ibn Əli Şirvaninindir. Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı.” Bu sözləri Xaqaninin qəbir daşı üzərində kufi xətlə həkk olunmuş mətndən 1931-ci ildə AMEA-nm o zamankı sələfi olan Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun (ADETİ) əməkdaşı Novruz Ağayev qrafitlə xüsusi kağıza çıxarıb Bakıya gətirmiş, burada “Asari-ətiqə cəmiyyətinə” (Muzeylər İdarəsinə) təhvil vermişdir. Mətndə hicri təqvimlə göstərilən vəfat tarixi miladi təqvimlə 1199-cu ilin avqust ayı ilə üst-üstə düşür.
Bakıda, Şamaxıda və digər Azərbaycan şəhərlərində şairin adına küçələr, mədəniyyət ocaqları var. Azərbaycan Yazıçılar Birliyi Bakıda, böyük şairin şərəfli adını daşıyan Xaqani küçəsindəki 25 saylı binada fəaliyyət göstərir. 2010-cu ildə millət vəkili, məşhur xeyriyyəçi Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxının Məlhəm kəndində Əfzəbddin Xaqaninin abidəsi ucaldılmış, Şirvan ictimaiyyətinin Bakıdan dəvət olunmuş görkəmli şair, alim və incəsənət xadimlərinin iştirakı ilə həmin abidənin təntənəli açılış mərasimi keçirilmişdir.
Müxtəlif illərdə Xaqaninin Bakıda və Moskvada Azərbaycan və rus dillərində, eləcə də ərəb qrafikası ilə “Lirika”, “Qəzəllər”, “Rübailər”, “Seçilmiş əsərlər” və s. adlar altında qiymətli kitabları, şairin həyat və yaradıcılığı barədə monoqrafıya və məqalələr buraxılmışdır. İftixar duyğusu ilə qeyd edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 25.000 nüsxədə nəşr olunub ölkəmizin bütün kitabxanalarına hədiyyə edilmiş sanballı kitablar arasında Əfzələddin Xaqaninin 670 səhifəlik “Seçilmiş əsərləri” də vardır.
Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasmda səmimi dostluq əlaqələrinin olduğu barədə maraqlı məlumatlar var. Məşhur xaqanişünas, əlyazmaçı alim və şair-tərcüməçi Məmmədağa Sultanov özünün şair haqqında kitabında Xaqaninin Şirvandan Gəncəyə, yaşca kiçik, istedadca böyük müasiri olan Nizamiyə məktubundan bir neçə sətirlik belə bir nümunə vermişdir: “Ora (Gəncə) elə bir yerdir ki, orada hər şey münasib (qaydada) baş verir… Keyfıniz necədir? Gəncədə sədaqətin bazarı necədir? Bilik əmtəəsinin xiridarı varmı? Burada çox kasadlıqdır. Biləsiniz ki, sizdən başqa mənim bir kəsim yoxdur. Burada yalan və paxıllıq işdədir. Mən ağır bir bədbəxtlik içindəyəm. Biz sizdən işıq alırıq…”
Bu monoqrafıyada Xaqani divanında özünə yer alan və Nizamini tərənnüm edən bir qəzəlin 6 beyti, həmin beytlərin Azərbaycan dilinə sətri tərcüməsi də verilmişdir ki, onun da burada dərc olunmasmı məqsədəuyğun sayıram: “Ey bəyənilmiş (çox qiymətli) gövhər! Sən bir (mahir) üzgüçü kimi fikirlər dənizinə baş vurub ilham incilərini toplayırsan. Ağzı Xaqani tərəfindən bağlanmış xəzinənin tilsimini sənin təbin açdı. Mən heyrət edirəm: necə olur ki, sən bədii təxəyyül zərlərini əlinə alıb atanda onlarm hər ikisi beş düşür, yəni beş qoşa göstərir?”
Təbiidir ki, Xaqani vəfat edəndə bu münasibətlə yazılmış matəm şeirlərindən biri də Nizaminin əsəri olmuşdur. Həmin şeirin tək bircə beyti əsrləri aşaraq bizə gəlib çatmışdır ki, onun da sətri tərcüməsi belədir: “Hey deyirdim ki, (bu dünyadan köçəndə) Xaqani mənim mərsiyəçim olsun. Təəssüf ki, (rehlət günündə) mən onun mərsiyəçisi oldum!” Yaxın Şərqin bir sıra çox məşhur şairləri Xaqanini özlərinin sənətdə müəllimi saymış, “Xəmsə” müəllifi Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi dahilər isə Xaqaninin əsərlərinə nəzirə yazmışlar.