Seçki platforması

Verdiyin sözə nəyin bahasına olursa–olsun əməl etməlisən. Bu, adi göründüyüqədər mürəkkəb, çətin qaydaya riayət edən insan sonda HÖRMƏT qazanır. Bu HÖRMƏT ölçüyəgəlməz dərəcədə qiymətlidir.

Səmimi olmağı bacarmalısan. Səmimilik son nəticədə sənə İNAM qazandırır.
İNAM isə ən böyük sərvətdir.

Böyük Abbas Səhhət heç zaman unudulmayacaq şeirlərindən birində doğma torpağını sevməyən insanda vicdanın olmadığını qeyd edib. Doğrudan da, elini-obasını sevməyən insan yüksək dəyərlərdən danışa bilərmi? Əlbəttə ki, yox. Amma harada  olmasından asılı olmayaraq VƏTƏN barədə düşünən, onun xoş sabahı üçün əlindən gələni əsirgəməyən insan kamillik zirvəsinə ucala bilər. VƏTƏN üçün faydalı olmağa çalışmaq qədər şərəfli nə ola bilər?

Bu gün arxada qalan 5 ilə nəzər salıb özümə suallar verirəm.

Görəsən bu 5 il ərzində Şamaxılılar üçün nəsə edə bilmişəmmi?
Seçicilərimə, arif şamaxılılara qarşı səmimi olmuşammı?
Həmişə Şamaxı və şamaxılılar haqqında düşünmüşəmmi?
Bəlkə də təvazökarlıqdan kənar görünə bilər. Amma mənə elə gəlir ki, məni tanıyan insanlar bu sualları daha düzgün cavablandıra bilərlər.

Ona görə də seçicilərimin mənə bəxş etdikləri HÖRMƏT və İNAM mənə VƏTƏN üçün yaşamağa, VƏTƏN üçün çalışmağa imkan verib.

Əziz şamaxılılar!
Düz 5 ildir ki, biz yanaşı addımlayırıq. Siz məni yaxşı tanıyırsınız. İnsanın bütün keyfiyyətləri, istər yaxşı, istərsə də pis cəhətləri iş prosesində açılır, aydın görünür.
Mən də bu gün, 5 illik yolun sonunda, sizlərin qarşısında alnıaçıq, üzüağ dayanıb deyə bilərəm ki, bu illər ərzində sizin üçün əlimdən gələni, bacardığımı etmişəm. Etdiklərimi doğma Şamaxım üçün, mənə etimad göstərmiş seçicilərimə mənəvi borcumun heç
olmasa bir hissəsini ödəmək üçün etmişəm.

Gördüyüm işləri sadalamaq, nəyisə xüsusi olaraq vurğulamaq fikrindən çox uzağam.
Çünki dəqiq bilirəm: Daha çox iş görmək olardı… Və bu işlərin davam etdirilməsi üçün gücüm, imkanlarım, iradəm, ən başlıcası isə həvəsim yetərincədir.

Dəyərlərimizə HÖRMƏT, gücümüzə İNAM! Bu VƏTƏN bizimdir. Biz Vətənimizin güclənməsi üçün əlimizdən gələni birlikdə etməliyik.

Gəlin daha 5 il yanaşı addımlayaq!

Siz məni tanıyırsınız. Seçim sizindir!