Sabir qəsəbəsinin və ətraf kəndlərin seçiciləri ilə görüş olub
Bu gün saat 11.00 – da Sabir qəsəbəsində 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Sabir qəsəbəsinin, Mərzəndiyə və Çıraqlı kəndlərinin seçiciləri ilə görüşü olub. Görüşdə 300-dən çox seçici iştirak edib.
Görüşü giriş sözü ilə açan namizədin vəkili, 2 saylı Şamaxı şəhər orta məktəbinin direktoru İslam Baxşıyev namizəd haqqında ətraflı məlumat verib. Daha sonra namizəd Elxan Süleymanov çıxış edib. Namizəd E.Süleymanov bildirib ki, o seçicilərlə öz fəaliyyətini iki istiqamətdə quracaq. Birincisi, seçicilərin konkret problemlərinin həlli, ikincisi isə ümumən Azərbaycanın problemlərinin həllinə yardım göstərməkdir.
Görüşdə həmçinin, namizədin vəkilləri – tanınmış cərrah, tibb elmləri doktoru, professor Afər Əfəndiyev və kino-rejissor Şeyx Əbdül Mahmudbəyov çıxış edərək, iştirakçılara namizədin həyat və fəaliyyəti ilə əlaqədar dolğun məlumat veriblər.
Sonda Elxan Süleymanov seçicilərin suallarını cavablandırıb.