Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani (1862 – 1911) I

Mirzə Ələkbər Sabir
Tahirzadə Şirvani (1862 – 1911)
Tərtib edən: Milli Elmlər Akademiyasının
həqiqi üzvü, akademik Bəkir Nəbiyev
Keçən əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı öz inkişafının yeni, mürəkkəb bir mərhələsinə daxil olmuşdu. Onun xalqın milli özünüdərkinin inkişafı ilə təması bu zaman daha da genişlənir və möhkəmlənirdi. Ədəbiyyat yalnız kəsgin sosial prosesləri və problemləri əks etdirmir, həm də öz bədii imkanları ilə gedişata təsir göstərir, xalqın milli şüurunun formalaşmasını sürətləndirirdi.
C.Məmmədquluzadə, Ə.Sabir, Ə.Haqverdiyev, M.Hadi, Ü.Hacıbəyli, H.Cavid, N.Nərimanov, A.Şaiq kimi böyük yazıçı, şair, dramaturq, publisist və mütəfəkkirlərin yaradıcılıqlarında, ədəbi-ictimai görüşlərində Azərbaycan ədəbiyyatının yeni mərhələsinin bədii yetginlik səviyyəsi, inkişaf qanunauyğunluqları öz əksini tapmışdır. Adları ədəbiyyatımızın tarixinə qızıl hərflərlə həkk edilmiş bu böyük simalar arasında dahi satirik Mirzə Ələkbər Sabirin özünə məxsus şərəfli yeri var.
I
Sabirin sənətdə yolu, müxtəsər tərcümeyi-halı, ədəbi irsinin böyük məna və əhəmiyyəti haqqında ilk mötəbər məlumatı şairin müasiri və ən yaxın dostu, ixtisasca həkim olan görkəmli şair və tərcüməçi Abbas Səhhət (1874-1918) vermişdir. Bu geniş və dəqiq məlumat sonralar Sabirə dair nəşr olunmuş bütün tədqiqatlarda yetərincə kara gəlmiş, haqlı olaraq yüksək qiymətləndirilmişdir. Məşhur nasir və tənqidçi, Stalin repressiyasının qurbanı olmuş Seyid Hüseyn (1887-1937) keçən əsrin 30-cu illərinin əvvəllərində Sabirin həyat və yaradıcılığı ətrafında araşdırmalar aparmış, onun bu zaman hələ sağ olan ailə üzvləri, dostları, müəllim yoldaşları, keçmiş şagirdləri ilə görüşmüş, xatirələrini dinləmiş, bütün bunların əsasında 1934-cü ildə şairin «Bütün əsərləri»nin («Hophopnamə»nin) yeni, mükəmməl nəşrini hazırlamış, həmin nəşrə yarı elmi, yarı bədii, çox da oxunaqlı bir müqəddimə yazmışdır. S.Hüseyn özü də Sabiri yaxından tanımış, bir müddət ona böyük şairlə dostluq etmək şərəfi nəsib olmuşdu. 1910-1911-ci illərdə Bakının Balaxanı kəndindəki camaat məktəbində müəllimlik edən Sabir ailəsinin güzəranına dəstək olsun deyə axşamlar Bakıda nəşr edilən bəzi qəzetlərin mətbəələrində mürəttib, müsəhhih (korrektor) kimi çalışırdı. S.Hüseyn də sözü gedən çağlarda öz hekayə və məqalələrini nəşr etdirməklə yanaşı mətbəədə də çalışırdı və onlar bu zəmində tanış olmuşdular… Müqəddimədəki bir sıra çox maraqlı fakt və hadisələri, o cümlədən də şairin evlənmə tarixçəsini S.Hüseyn dostluq çağlarında bilavasitə Sabirin özünün ona danışdıqları əsasında işləyib hazırlamışdı. Professor Cəfər Xəndan 1940-cı ildə bu müqəddimədəki faktlardan da faydalanmaqla Sabirin yaradıcılığı haqqında namizədlik əsəri yazmış, 1961-ci ildə «Şairin həyatı» adlı elmi-bədii bir kitab nəşr etdirmişdi. Sabir irsinin peşəkar tədqiqatçıları AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov, AMEA-nın müxbir üzvü Abbas Zamanov, professor Məmməd Məmmədov və professor Alxan Bayramoğlu A.Səhhətin məlum müqəddiməsindən nəşət edən faktları öz tədqiqatlarında, maraqlı əsərlərində yeni fakt və məlumatlarla zənginləşdirmiş, xüsusilə də şairin satiralarının müfəssəl elmi təhlilini vermişlər.
***
Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani 1862-ci ildə, may ayının 30-da Şamaxı şəhərində dünyaya göz açmışdır. Atası Məşədi Zeynalabdin balaca dükanındakı alış-verişi ilə ailəsinin dolanacaq ehtiyaclarını təmin edir, anası Səltənət xanım balalarının rifahı üçün özünü oda-közə vururdu. Hər ikisi mömin müsəlman olduqları üçün ailənin axirət günü qayğısına qalır, öz uşaqlarını bu ruhda tərbiyə edirdilər. Ələkbər kiçik yaşlarından İmam Əli haqqında əzbər şeirlər deyir, namaz qılır, oruc tuturdu. Onu səkkiz yaşında ikən fallaqanın dəbdə olduğu molla məktəbinə qoyurlar. Bioqrafları Ələkbərin həmin məktəbdən acı şikayətlərini əks etdirən bu 3 misralıq mənzuməni nümunə gətirirlər:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözlərim qazanda.
Mollam da döyür yazı yazanda.
Bir müddət sonra Ələkbər zəmanəsinin böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvaninin məşhur «Üsuli-cədid» məktəbinə qəbul olunur.
Böyük maarifçi sənətkar və müəllim Seyid Əzimin 1867-ci ildə təsis etdiyi bu məktəb tədrisin üsulu, proqramı və uşaqlara aşıladığı ovqatı etibarilə mollaxanalardan əsaslı surətdə fərqlənirdi. Orada Seyid Əzim başda olmaqla bu və ya digər dərəcədə rus və Avropa mədəniyyətindən də xəbərdar olan tərəqqipərvər müəllimlər dərs deyirdilər. Ələkbər 12 yaşında olarkən təhsilini davam etdirmək üçün Şamaxı Ruhani Məclisi nəzdindəki məktəbdə oxuyanda da Seyid Əzim həmin təhsil ocağında Azərbaycan, fars və ərəb dilləri müəllimi idi. Qısa müddətdə həm bu məktəbdə öyrəndikləri, həm də öz zehni qabiliyyəti və təzə biliklər qazanmaq sahəsində sönməz ehtirasla çalışması sayəsində Ələkbər hər üç dili öyrənməkdə böyük uğurlar qazanır, Seyid Əzimin xeyir-duası ilə ilk şeirlərini yazır, fars dilindən bəzi tərcümələr edir.
Baqqal atası belə hesab edirdi ki, dükanda ona kömək etmək, haq-hesab dəftərini sahmana salmaq üçün Ələkbərin bildikləri kifayətdir və o da külfəti dolandırmaq üçün bir işin qulpundan yapışmalı, alış-verişdə onun etibarlı yardımçısı olmalıdır. Lakin təbiətin güclü poetik istedad əta etdiyi Ələkbəri, indi artıq Sabiri kitab-dəftərdən, elmdən, şeirdən ayırıb tərəzi arxasında əyləşdirmək mümkün deyildi. Elə bu zəmində ata ilə oğul arasında başlanan fikir ayrılığı dərinləşir və Məşədi Zeynalabdin «sözə baxmayan» övladının üstünə əl qaldırır, bu hələ azmış kimi, onun şeir dəftərini cırıb atır. Səbr kasası daşan Sabir heç kəsə demədən Xorasana gedən bir karvana qoşulub Şamaxıdan çıxır. Tez xəbər tutan atası onu qaytarır və bu çox ciddi hadisədən sonra gözü qorxaraq başa düşür ki, oğlu ilə münasibətlərin bu cür davam etməsi böyük peşmanlıqla qurtara bilər. Beləliklə də Sabir öz sevimli yaradıcılıq qayğıları ilə məşğul olmağa vaxt və imkan əldə edir. Təzə şeirlər yazır. Dostu və məsləkdaşı Abbas Səhhətin verdiyi məlumata görə, Seyid Əzim Şirvaninin
Ey məh, bilirəm, fitneyi dövran olacaqsan,
Ey qaşı hilalım, məhi taban olacaqsan.
mətləli qəzəlinə yazdığı cavabı müəllimi bəyənmiş, öz şagirdinə Nizami Gəncəvinin «Xəmsə»sini hədiyyə göndərmişdi. Bu münasibətlə Sabirə ünvanladığı məktubda belə sözlər vardı: «Nuri-didəm Sabir! Qəzəlimin birinə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından həmin kitabı sənə silə göndərirəm. Yadigari-ustadanəm olmaq şərtilə qəbul edəsiniz və şairlikdə tərəqqi etmənizi arzu edirəm». Zəmanəsinin böyük şairindən aldığı çox əlamətdar hədiyyə – Nizami «Xəmsə»si və nəciblik, xeyirxahlıq saçan məktub Sabiri yeni yaradıcılıq uğurlarına ruhlandırmışdı.
1884-cü ildə Sabir atasının razılığı və xeyir-duası ilə Xorasana, İman Rza ziyarətinə gedir. Əlbəttə, gənc şairin gəzmək, görmək, öyrənmək, maraqlı insanlarla ünsiyyətdə olmaq arzusu da burada böyük əhəmiyyət kəsb edirdi. Maraqlıdır ki, Sabir Şamaxıdan çıxıb bir başa Məşhədə ziyarətə gedib-qayıtmamış, müəyyən fasilələrlə Səbzəvar, Nişabur, Xorasan, Buxara, Səmərqənd və digər Yaxın Şərq, Orta Asiya şəhər və vilayətlərində olmuş, bir qədər fasilə ilə İraqa gedib Kərbəlanı da ziyarət etmişdi. Atasının vəfatı barədə məlumat alan Sabir səyahətini yarımçıq qoyub doğma yurda qayıdır.
1886-cı ildə şair Billurnisə xanımla evlənir. Onların səkkiz qızı, bir oğlu dünyaya gəlir. Maddi ehtiyac, yüksək ixtisaslı tibbi müalicənin yoxluğu üzündən ailənin altı övladı ölmüşdür. Şair ömrünün sonlarını arvadı Büllurnisə xanım, qızları Səkinə, Səltənət və sonbeşikləri Məmmədsəlimlə yaşamışdır. Külfəti dolandırmağın mürəkkəblikləri Sabiri vadar edir ki, bir dükan açıb sabun qayırıb satmaqla məşğul olsun. 1902-ci ildə, fevralın 12-də Şamaxıda baş verən və ağır dağıntılara, böyük insan tələfatına səbəb olan zəlzələ Sabirin də mənzilini xaraba qoymuş, ailəsi onun böyük çətinliklə, təkbaşına düzəltdiyi bir daxmada yaşamaq zorunda qalmışdı.
Sabirin işıq üzü görmüş ilk əsəri 1903-cü ildə Azərbaycan mətbuatı tarixində yeni, parlaq bir səhifə açmış M.Şahtaxtlının «Şərqi-Rus» qəzetinə göndərdiyi mənzum təbriknaməsidir. Onun
Ah kim, xabi-qəflət ilə bizim
Ömrü purmayəmiz keçibdi fəna.
misralarında xalqın geriliyinə, müasirlərinin cəhalət içində yaşamasına acı-acı təəssüflənən şair 1905-ci il hadisələrindən sonra heyfsilənmələrlə kifayətlənməyib bu vəziyyəti əmələ gətirən səbəblərin kökünü baltalayan şeirləri ilə bütün Azərbaycan və müsəlman dünyasına vəlvələ salmışdı.
Sabirin ailəsi o zamankı Şamaxının Şıxminaz küçəsindəki darısqal mənzildə maddi çətinlik içərisində yaşayırdı. Mütəxəssislər müəyyən etmişlər ki, şairin öz şeirlərinin nəşri müqabilində ayda əlinə çatan aşağı-yuxarı on manat qonorar çox çətinliklə ailənin bir həftəlik güzəranını təmin edə bilirdi. Sabiri piy, potaş və digər xammal alıb sabun bişirmək məcburiyyəti qarşısında qoyan məhz bu ağır maddi ehtiyac idi. Bu misralar cəfakeş şairin yəqin ki, həmin ağrılı-acılı günlərinin üzücü yaşantılarından doğmuşdur:
Yaşadıqca xərabə Şirvanda,
Bir səfa görmədim o viranda.
Yaşadıqca əzaba düşdü tənim,
Mənə zindan kəsildi öz vətənim.
Üçüncü misradakı etirafa xüsusi diqqət etməyə ehtiyac duyuram. Möhtərəm oxucu bilsin ki, bir neçə ildən sonra şairin vaxtsız vəfatına gətirib çıxaran ağır ciyər xəstəliyinə Sabir məhz bu illərdə mübtəla olmuşdu.
Belə ağır maddi durumda yaşadığına baxmayaraq F.Köçərli, A.Şaiq, A.Səhhət, az sonra C.Məmmədquluzadə kimi yaxın dostlarının təsiri və mənəvi dəstəyi sayəsində Sabir öz sənət rübabını kökdən düşməyə qoymur, bir-birindən qiymətli satiraları ilə zəmanəsinin irəli sürdüyü ən aktual tələblərə yüksək səviyyədə cavab verirdi. Özəlliklə qabaqcıl görüşlü şair-həkim Abbas Səhhətlə yaxın dostluq və yaradıcılıq əlaqələri Sabirin ömrünün sonlarına qədər davam etmişdi. A.Səhhət də Sabir kimi Azərbaycan, fars və ərəb dillərini əla bilirdi. Lakin o, fransız dilini də bu dildən şeirlər tərcümə etmək dərəcəsində yaxşı bilir, rus dilini də öyrənir, Sabiri də rusca öyrənməyə təşviq edir və müvəffəq olurdu. Sabirin vəfatından sonra da onun xatirəsinə sadiq qalan A.Səhhət dostunun ailəsinə yardımçı olmuş, ən başlıcası isə, əziz dostunun əsərlərini bir yerə toplayıb 1912-ci ildə «Hophopnamə» adı altında kitab kimi nəşr etdirmiş, bu kitab üçün mükəmməl bir məqalə yazmış, Sabir haqqında dövrü mətbuatda məqalələr çap etdirmiş, arxayınca deyə bilərik ki, ədəbiyyat elmimizdə sabirşünaslığın bünövrəsini qoymuşdu.
Burada onu da qeyd etmək vacibdir ki, Sabir 1900-1910-cu illərdə sevimli qızı, yaxın sirdaşı və əsərlərinin oxucusu Səriyyə Sultanın köməyi ilə öz şeirlərindən seçib kitab tərtib etmişdi. Şairin oğlu, dosent Məmmədsəlim Tahirli «Böyük dostluq nümunəsi» (1974) adlı xatirələrində yazırdı ki, Sabirin sağlığında maddi ehtiyac ucbatından nəşr oluna bilməyən əlyazmasını Səriyyə Sultan bəzi bədxahlardan qorumağa müvəffəq olmuş, onu «inanılmış ələ, ailənin hamisi A.Səhhətə təqdim etmişdi».
1906-cı ilin naprel ayında Tiflisdə «Molla Nəsrəddin» jurnalının nəşrə başlaması bir şair kimi Sabirin yaradıcılıq həyatında yenidən doğulmasına, məhz «Millət necə tarac olur olsun, nə işim var?!» misrası ilə başlayan şeirin müəllifi kimi təşəkkül tapmasına qüvvətli bir təkan vermişdi. O, jurnalın birinci nömrəsini oxuyanda Azərbaycan və Yaxın Şərq ədəbi-ictimai mühiti üçün tamamilə yeni olan mövzu və mətləbə, başlıcası isə, üsluba heyran qalmış, onun baş redaktoru, XX əsr ədəbi-ictimai fikrimizin azman təmsilçisi C.Məmmədquluzadənin tutduğu yola, məsləkə, üsluba iman gətirmişdi.
Çox götür-qoy etdikdən sonra şair bu qərara gəlmişdi ki, sabın bişirməyin daşını birdəfəlik atıb, böyük istedadının, yüksək biliyinin imkan verdiyi, özünün də çox bərk həvəs göstərdiyi müəllimliklə məşğul olsun. Uyarlı pedaqoji və ali ruhani təhsili olmayan Sabir məhz özünün zəngin bilikləri, zəhmətsevərliyi, nəhayət nadir istedadı nəticəsində hazırlaşaraq 1908-ci ildə Bakıda, Quberniya ruhani idarəsindəki xüsusi komissiya qarşısında imtahan verib şəriət, Azərbaycan dili, fars dili və hüsni-xətdən dərs demək üçün müəllimlik hüququ qazanır. Bu hüquq Tiflisdə Qafqaz Müsəlmanlarının Ruhani idarəsindən aldığı attestatla təsdiq olunur.
Bu imkandan istifadə edən Sabir Qori Müəllimlər Seminariyasının məzunu olan Hacıbala Zamanovla əl-ələ verərək müəllimi S.Ə.Şirvaninin məşhur təhsil ocağı dəstirində «Ümid məktəbi»ni təsis edirlər. Öz tədris proqramı ilə mollaxanalardan köklü surətdə fərqlənən bu məktəbdə yazı taxtasından, stol-stuldan, xəritələrdən və digər əyani vasitələrdən istifadə olunmaqla ana dili, hesab, fars dili, coğrafiya, eləcə də Qurani-kərim və şəriət dərsləri keçilirdi. Nüfuzlu ruhanilərin təkfiri nəticəsində bir qism valideynlər uşaqlarını həmin məktəbdən ayırır, bəziləri isə təhsil haqqı ödəməkdən imtina edir və cəmisi bircə tədris ili (1908-1909) fəaliyyət göstərmiş «Ümid məktəbi» bağlanır.
1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir Balaxanı məktəbində Azərbaycan dili və şəriət müəllimi olur, axşamlar şəhərdə çıxan qəzetlərin mətbəəsində mürəttib, korrektor kimi çalışır, şeirlərini Bakı mətbuatında nəşr etdirir. 1910-cu ildə şair əvvəlcə «Səda», sonra isə «Günəş» və «Həqiqət» qəzetlərinin redaksiyalarında çalışır. Gərgin iş, məişətdəki narahatlıq (ailəsiz yaşayırdı) hələ qaynar sabın tiyanının ətrafında «əzaba düçar olmuş» şairin səhhətinə daha pis təsir edir və onun qara ciyərindəki xəstəlik şiddətlənir. Bakıda bir qədər müalicə olunduqdan sonra ailə şəraitində nisbi sakitlik, rahatlıq tapmaq üçün Şamaxıya qayıtmağa məcbur olur.
Vəziyyəti ağırlaşan şairi müalicə olunmaq üçün Tiflisə aparırlar. C.Məmmədquluzadə və arvadı Həmidə xanım şairi xəstəxanaya getməyə qoymur, həkim gətirib öz evlərində müalicə etdirirlər. Səhhətindəki mürəkkəbliklərə baxmayaraq Sabir yenə də şeir yazmaqda davam edir, onları «Molla Nəsrəddin»də və bəzi digər mətbuat orqanlarında buraxdırırdı.
Sabirin müalicəsini daha yüksək səviyyədə davam etdirmək, bəlkə də cərrahiyə əməliyyatı üçün xaricə aparmaq məqsədilə «Molla Nəsrəddin»in redaktoru, şairin məslək dostu C.Məmmədquluzadə jurnalın 1911-ci ildə çıxan 14-cü nömrəsində bu gün oxuyanda ürəkləri göynədən bir elan dərc etmişdi. Həmin elanda deyilirdi ki, misilsiz şairimiz Sabir neçə aydır yorğan-döşək xəstəsidir və indi nəinki müalicə xərcinə, bəlkə adicə gündəlik dolanışıq xərcinə də möhtacdır. Ona ianə göndərmək istəyənlər «Molla Nəsrəddin» idarəsinə müraciət edə bilərlər…
Qısa müddətdə Azərbaycandan və xaricdən redaksiyaya 600 manata yaxın pul daxil olmuş, A.Səhhət vasitəsilə xəstə şairə çatdırılmışdı. Lakin artıq gec idi. 1911-ci ildə, iyul ayının 12-də dahi şair, böyük vətəndaş və maarif mücahidi Mirzə Ələkbər Sabir dünyasını dəyişdi. Sənətinin pərəstişkarları onu Şamaxının Yeddikünbəz qəbiristanlığında dəfn etdilər. İndi şairin abad məzarı üzərində gözəl bir məqbərə ucalır. Onu şair-xeyriyyəçi Gülağa Tənha öz layihəsi əsasında tikdirmişdir.
Bakıda və Şamaxıda şairin şərəfinə mərmər və tunc heykəllər ucaldılmışdır. Yeri gəlmişkən xatırladım ki, M.Ə.Sabir, şərəfinə gözəl abidə qoyulmuş ilk Azərbaycan şairidir. Azərbaycanın abad şəhərlərindən və bölgələrindən biri onun şəninə Sabirabad adlanır. Mir Cəlalın «Yolumuz hyanadır?», Əzizə Cəfərzadənin «Sabir» romanlarında şairin bədii obrazı yaradılmışdır. Bakıdakı ən qocaman şəhər kitabxanası, Darülmüəllimin və bir sıra məktəblər Sabirin ölməz adını daşıyır. Üzərində «Sabir» yazılmış gəmi Xəzərin mavi sularında üzür. 1962-ci ildən başlayaraq hər il Bakıda və Şamaxıda «Sabir poeziya günləri» keçirilir. İstedadının pərəstişkarı kimi etiraf etmək çox xoşdur ki, Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə 25.000 nüsxədə nəşr edilib ölkənin kitabxanalarına hədiyyə edilmiş qiymətli əsərlər arasında ölməz Sabirin «Hophopnamə»si də var.