Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub

Noyabrın 16-da Göyçay rayonunun Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Məktəbin əsası 1903-cü ildə Şirvan bölgəsində xeyriyyəçiliyi və maarifpərvərliyi ilə tanınan Hacı Rəhim Əfəndi tərəfindən  qoyulub.

 

Təntənəli mərasimdə rayon rəhbərliyi, Qaraman məktəbinin adlı-sanlı yetirmələri, rayon ziyalıları və kənd sakinləri iştirak edirdilər. Mərasimi giriş sözü ilə məktəbin direktoru Məlahət İsmayılova açdı. Direktor Qaraman kənd məktəbinin şanlı tarixi, onun Azərbaycan elminə bəxş etdiyi görkəmli ziyalılar haqqında danışdı. Tədbirdə çıxış edən Hacı Rəhim Əfəndinin nəvəsi, AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov bildirdi ki, 115 il ərzində bir neçə nəsil dəyişib. Dəyişməyən isə məktəbin böyük ənənələridir. Millət vəkili qeyd etdi ki, ötən dövr ərzində məktəbin minlərlə məzunu yetkin həyata vəsiqə qazanıb və ictimai həyatın müxtəlif sahələrində uğurla çalışıb. E.Süleymanov məktəbin bir çox adlı-sanlı müəlliminin və məzunlarının adlarını qürurla sadaladı. Elxan Süleymanov əməkdar rəssam Elşən Hacızadənin üzərində Ümummilli Liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmləri olan əsərini məktəbə hədiyyə etdi. Tədbirdə həmçinin Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon təhsil şöbəsinin müadiri Elnur İsmayılov, dil-ədəbiyyat müəllimi Dilşad Süleymanova, əməkdar müəllim Qurban Qurbanov, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Fərhad Süleymanov, fəlsəfə doktoru, əməkdar müəllim Pərviz Yəhyalı, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı, jurnalist Elşad Məmmədli  çıxış edərək 115 yaşlı məktəbin müəllim və şagird kollektivini əlamətdar yubiley münasibətilə təbrik etdilər.

 

Tədbirdə AVCİYA-nın layihəsi çərçivəsində nəşr olunan “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” kitabı təqdim olundu. Təntənəli hissədən sonra Qaraman kənd tam orta məktəbinin şagirdlərinin ifasında bədii kompozisiya nümayiş etdirildi.

 

Xatırladaq ki, məktəbin binası Hacı Rəhim Əfəndinin nəvəsi, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə yenidən inşa olunub.

 

 

 

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Şamaxının millət vəkili Elxan Süleymanov Göyçayın Qaraman, Şamaxının Məlcək və Ərçiman məktəblərində
Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb