Elxan Süleymanov: “Körpə Zəhranın qətlə yetirilməsinin arxasında beynəlxalq ictimaiyyətin biganəliyi və işğalçı Ermənistana havadarlıq etməsi dayanır”

 

_mg_5577Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

İşğalçı Ermənistan 4 iyul 2017-ci ildə növbəti qanlı cinayət törətdi. Belə ki, Ermənistan Silahlı Qüvvələri Füzulinin Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan atəşə tutmuşdur. Düşmənin atdığı mərmi atəşi nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 18 aylıq Quliyeva Zəhra həlak olmuşdur. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanmışdır.

Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əlehinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 25 il ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azəraycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

Cəmi 18 ay ömür sürmüş Zəhranın Ermənistan əsgərlərinin atdığı mərmidən həlak olması istər-istəməz işğalçı tərəfin yaxın keçmişdə törətdiyi digər qanlı cinayətləri bir daha yada salır. Ermənistanın nəzarəti altında olan ərazidən Azərbaycanın Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmış “itəbənzər” uşaq oyuncağına quraşdırılmış partlayıcı qurğunun 2012-ci il iyulun 14-də işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olması, Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonu ərazisindən Ermənistan silahlı qüvvələrinin snayperinin 2011-ci ilin martın 8-də açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlov qətlə yetirilməsi bizim yaddaşımıza həkk olunub.

Ermənistan tərəfinin bu cinayəti ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərindən sonra baş verməsi onun təsadüfi olmadığını göstərir.  Doğrudan da, yaxın keçmişə nəzər saldıqda görürük ki, danışıqların intensivləşdiyi bir vaxtda, vacib nəticələrin gözlənildiyi ərəfədə, həmsədrlərin regiona növbəti səfərləri ərəfəsində və ya ondan sonra bir qayda olaraq Ermənistan tərəfi atəşkəsi pozmuş, bu zəmində mülki şəxslərin, xüsusilə də azyaşlı uşaqların qətlə yetirməsi halları artmışdır.

Bu dəfə də belə oldu – ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başa çatdıqdan sonra düşmən öz ənənəsinə sadiq qalaraq növbəti qanlı cinayət törətdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirələrdə substantiv danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar edilən bir zamanda Ermənistanın mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş təxribatlara əl atması bu dövlətin işğala son qoymaqda maraqlı olmadığını bir daha sübuta yetirir.

Əlbəttə, Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tədbiq edilməməsinən ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edir.  Belə olan halda beynəlxalq təşkilatlar işğalçı Ermənistanın havadarları rolunda çıxış edirlər və faktik olaraq 18 aylıq Zəhranın və digər azərbaycanlı azyaşlı uşaqların qatili olan Ermənistana de-fakto dəstək verirlər. Odur ki, beynəlxalq ictimaiyyət biganəliyə, işğalçı Ermənistanı himayə etməyə son qoymalı, işğalın aradan qaldırılması üçün real addımlar atmalıdırlar.

 

Bənzər mövzular

Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxının daha bir kəndinin su problemi həll edildi
AVCİYA Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi növbəti ağır cinayəti lənətləyir
“Sərsəng harayı” kitabı işıq üzü görüb
AVCİYA-nın növbəti nəşri Göyçayda təqdim olundu