“Sərsəng harayı” kitabı işıq üzü görüb

serseng-KITAB

AVCİYA-nın növbəti nəşri – “Sərsəng harayı” kitabı işıq üzü görüb. Kitabda AVCİYA-nın 2013-cü ildən etibarən həyata keçirdiyi “Sərsəng harayı” layihəsi ilə bağlı ətraflı məlumat verilir (http://1905.az/wp-content/uploads/2017/07/sersengharayi.pdf).

AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun oxuculara müraciəti ilə başlanan kitab üç bölümdən ibarətdir. Siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin müəllifi olduğu birinci bölümdə AVCİYA-nın “Sərsəng harayı” layihəsindən geniş bəhs olunur.  Bu layihənin beynəlxalq müstəvidə tanıdılması sayəsində 2016-cı ilin yanvarında qəbul edilmiş AŞPA-nın 2085 saylı “Azərbaycanın cəbhəyanı rayonlarının qəsdən sudan məhrum edilməsi” qətnaməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilir.

İkinci bölümdə AVCİYA-nın Ağ Ev Administrasiyasına ünvanladığı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyasına dəstək kampaniyasının bir sıra mərhələləri xronoloji ardıcıllıqla əksini tapıb. 2016-cı il aprelin 6-da AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzaladığı petisiya üçün bir ay ərzində bu təşkilatın genişmiqyaslı fəaliyyəti nəticəsində 331 mindən artıq imza toplandı. Petisiya sayəsində Ermənistan dövlətinin işğalçı siyasəti ilə bağlı dünya yenidən məlumatlandırıldı, təcavüz həqiqətləri ABŞ ictimaiyyətinə çatdırıldı. Qeyd olunmalıdır ki, nüfuzlu Pew Tədqiqat Mərkəzi bu petisiyanı 5 il ərzində Ağ Ev Administrasiyasına ünvanlanan 4799 petisiya içərisində ikinci ən məşhur petisiya elan etdi. Petisiya Azərbaycan xalqının informasiya müharibəsində mühüm intellektual qələbəsi oldu. İkinci bölümdə petisiya kampaniyasının bir sıra məqamları kiçik mətnlərin və foto-şəkillərin dili ilə çatdırılır.

Üçüncü bölümdə AVCİYA-nın Ağ Ev Administrasiyasına ünvanladığı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi ilə bağlı jurnalistlər arasında keçirilən müsabiqənin yekunları öz əksini tapıb.

Qeyd edək ki, “Sərsəng harayı” kitabı iyunun 30-da Göyçay şəhərində keçirilən “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Göyçay döyüşləri (iyun-iyul 1918)” kitabının təqdimat mərasimi çərçivəsində təqdim olunub.

Bənzər mövzular

Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxının daha bir kəndinin su problemi həll edildi
Elxan Süleymanov: “Körpə Zəhranın qətlə yetirilməsinin arxasında beynəlxalq ictimaiyyətin biganəliyi və işğalçı Ermənistana havadarlıq etməsi dayanır”
AVCİYA Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi növbəti ağır cinayəti lənətləyir
AVCİYA-nın növbəti nəşri Göyçayda təqdim olundu