Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) petisiya layihəsi dünyada ikinci oldu

petisiyafff

Elxan Süleymanov

AVCİYA prezidenti

Amerikanın dünya səviyyəsində tanınmış  sosioloji araşdırma şirkəti  olan Pew  Tədqiqat Mərkəzinin hesabatına görə, “Biz Xalqıq” adlanan və 2011-ci ildə Barak Obama tərəfindən yaradılmış Ağ Evə müraciət platforması tarixində ikinci ən məşhur petisiya “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyadır.

Qeyd edim ki, Pew Tədqiqat Mərkəzi Amerikanı və dünyanı formalaşdıran məsələlər və istiqamətlər barədə ictimaiyyətə məlumat verən bitərəf araşdırma mərkəzidir. Bu mərkəz ictimai fikir sorğuları, demoqrafik araşdırma, mahiyyət təhlili və digər sosial elmi tədqiqatlar aparır, ABŞ siyasəti və strategiyasını, jurnalistika və medianı, internet, elm və texnologiyanı, din və ictimai həyatı, qlobal trendləri, ABŞ-ın sosial və demoqrafik istiqamətlərini öyrənir.

AVCİYA-nın 12 illik fəaliyyəti tarixində çoxsaylı uğurlu beynəlxalq layihələri olmuşdur. 2016-cı ildə icra edilmiş “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya da kifayət qədər aktual və dünya səviyyəsində diqqət çəkən layihə oldu. Bu petisiya ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı indiyədək işlənilən beynəlxalq platformalardan daha geniş arenaya daşındı.

elxan6

Layihəyə aprel ayının 6-da AVCİYA prezidenti kimi mənim imzamla start verildi, Ağ Ev Administrasiyasının internet resursunda Azərbaycan xalqının Obama Administrasiyasına müraciəti yerləşdirildi. Müraciətdə AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilirdi.

Platformanın qaydalarına görə, 1 ay ərzində müraciəti 100 min nəfərin imzalaması lazım idi. Lakin AVCİYA-nın apardığı genişmiqyaslı kampaniyanın nəticəsi olaraq 331,914 imza tolpandı.

Kampaniya çərçivəsində çoxsaylı maarifləndirici materiallar hazırlanaraq paylanıldı, video materiallar yayıldı, televiziya verilişləri, görüşlər təşkil edildi. Bununla yanaşı bütün dünya azərbaycanlıları, dünya türkləri bu kampaniyaya cəlb edildi. Türkiyədə də bu istiqamətdə çoxşaxəli iş aparıldı, “İşqalə dur de” adlı sayt vasitəsilə türk qardaşlarımız da Azərbaycanın haqq səsinə qoşuldular.

Nəhayət, 10 iyul 2016-cı il tarixində Ağ Ev Administrasiyası müraciətimizə cavab verdi. Cavabda müraciətimiz kifayət qədər geniş şərh edilirdi. Lakin diqqət çəkən ən mühüm məqam Ağ Ev Adiministrasiyasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çağırış etməsi idi.  Cavabda deyilirdi: “Biz tərəfləri münaqişənin hərtərəfli nizamlanmasına, o cümlədən Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına dair təcili danışıqlar aparmağa və təmkinli olmağa çağırırıq”.

Bu uğur yalnız AVCİYA-nın deyil, bütün Azərbaycan xalqının uğurudur. Bu, Azərbaycan xalqının informasiya müharibəsində çox mühüm intelektual qələbəsidir.

29 dekabr 2016

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib