Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın

 

Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın

ABŞ Ağ Ev administrasiyası 10 iyun 2016-cı ildə
Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini
tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan
petisiyaya rəsmi cavab verdi.

Bakı, Azərbaycan
11 iyun 2016-cı il

Petisiya 330,000-dən
çox səs toplamışdır, bu isə Obama administrasiyasının petisiyaya cavab verməsi
üçün lazım olan imza sayından üç dəfə çoxdur. Petisiyanın müəllifi, Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov
artıq bir neçə həftə əvvəl bildirmişdi: “Ölkəmizə
qarşı uzun illərdir dünyanın güc dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən
edilən və hazırda da davam edən qlobal siyasi təzyiqlər fonunda bu petisiyaya
ABŞ tərəfindən obyektiv munasibət bildirilməsi məndə ciddi şübhələr yaradır.”
Bu gün bu proqnoz öz təsdiqini tapdı. Ağ Ev administrasiyası bu yaxında Avropa
Şurası Parlament Assambleyası tərəfindən Sərsəng su anbarına dair qəbul edilmiş
2085 (2016) saylı qətnaməni birbaşa dəstəkləməkdən ABŞ-ın AŞPA-ya üzv olmaması
bəhanəsi ilə yayınır. Həmin qətnamədə Ermənistanı təcavüzkar adlandırılır və
Ermənistan qoşunlarının regiondan dərhal geri çəkilməsi üçün çağırış edilirdi.
“Ağ Ev Administrasiyasının AŞPA-nın 2085 (2016) saylı qətnaməsini birmənalı
şəkildə təqdir etməyəcəyini gözləyirdim”,
– Süleymanov bildirib: “Lakin təəssüflənirəm ki, ABŞ administrasiyası petisiyada
Sərsəng su anbarının hazırki durumu səbəbindən baş verə biləcək humanitar fəlakətin
qarşısının alınmasına yardım edilməsi ilə bağlı hissəyə etinasızlıq göstərdi.”
Petisiyada faktiki olaraq işğala məruz qalmış rayonlarda, xüsusilə Sərsəng
ərazisində yaşayan əhalinin insan hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin
cavabı isə daha çox “Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə” yönəlmişdir.
“Bu mənada bir faktı təqdir edirik ki, ABŞ administrasiyası öz mövqeyində
Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmir və qanunsuz olaraq öz müqəddəratını
təyin etməyə imkanı yaratmır”, – Süleymanov deyib: “Ağ Ev öz cavabında Sərsəngin
hazırki vəziyyətinin qurbanları olan insanların əsas hüquqlarına dair mühüm məsələdən
yayınır, lakin ABŞ administrasiyasının Ermənistan ritorikasına qoşulmamasını
yüksək qiymətləndiririk”.
Ağ Evin cavabına əsasən, Azərbaycanla
Ermənistan arasında hərtərəfli həll yolu “Dağlıq Qarabağ ətrafındakı ərazilərin
Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən”
ibarət olmalıdır.
“Şübhəsiz, biz də ən qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı ərazilərin
Azərbaycanın nəzarətinə qaytarılmasını və Ermənistan qoşunlarının geri çəkilməsini
istəyirik. Bundan əlavə, ABŞ administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar
və işğalçı adlandıran bu ifadə formasını təqdir edirik. Dağlıq Qarabağın gələcək
statusuna gəldikdə, qeyd edirik ki, həqiqətən də bir çox Avropa ölkələrində
olduğu kimi, yerli muxtariyyət səviyyəsi müəyyən edilə bilər. BMT-nin bir sıra
qətnamələrində və AŞPA-nın 2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq
Qarabağ işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir və
bu, həmişə belə olacaq. ABŞ administrasiyası da beynəlxalq  qətnamələrə hörmət etdiyindən, Obama
administrasiyası Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən,
açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli muxtariyyət səviyyəsini
nəzərdə tutur”, – Elxan Süleymanov fikrini yekunlaşdırıb.
Bir sözlə, Ağ Ev hətta petisiyanın əsas məsələsindən yayınsa da, bu
gün Süleymanov Ağ Evin cavabından asılı olmayaraq, petisiyanın əhəmiyyətini bir
daha vurğulayır.
“Ermənistanın təcavüzkar olması, Azərbaycanın Dağlıq Qarabağ və digər
ərazilərinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə
görə humanitar fəlakətin qaçılmaz olması faktları iki aydan artıq müddətdə Ağ
Evin rəsmi saytında olub. İyirmi ildən artıqdır ki, qərəzli beynəlxalq mətbuat
tərəfindən yanlış məlumatlandırılan bütün dünyadan olan milyonlarla insan iki
aydan artıq vaxtda bu sayta daxil olur. Bütün bu insanlar indi ölkəmizə qarşı
törədilmiş ədalətsizlik və vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və
torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə edib. Bu səbəbdən bu petisiya
ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda olduqca mühüm və əhəmiyyətli
fəaliyyətdir. Bu, Azərbaycanın intellektual mübarizədə mühüm qələbəsidir!”

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib