AVCİYA Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət ünvanlayıb


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında qalan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciəti

 

Ötən əsrin 80-ci illərin sonlarından etibarən Ermənistan SSR-də yaşayan Azərbaycan milliyətindən olan şəxslərin həyatı gündən günə çətinləşməyə başlamışdı. Az keçməmiş, Ermənistandan Azərbaycana ilk qaçqınlar gəlməyə başladılar. Milli mənsubiyyətinə görə təhqir, təhdid və fiziki təzyiqlərə tab gətirə bilməyən yüz minlərlə Azərbaycanlı öz ana-ata yurdunu tərk etmə məcbutirrətində qaldı.  Ermənistan monoetnik bir dövlətə çevrildi, qondarma “Böyük Ermənistan” ideyasının reallaşdırılması istiqamətində növbəti ciddi addım atıldı. O zaman Azərbaycan çox Dedi – Siz Susdunuz…

 

Sonra Azərbaycan torpaqlarının işğalı başladı… və bu günə qədər davam edir…

Müharibə şəraiti üçün müxtəlif beynəlxalq konvensiyalar var, lakin bu müharibədə Ermənistan dövləti və silahlı qüvvələri onların heç birini saymadı. Dinc əhali, hərbi əsirlər, uşaqlar, körpələr, qadınlar – hamısı vəhşicəsinə qətlə yetirildi, insanlıqdan uzaq işgəncələrə məruz qaldı. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə isə Xocalı soyqırımı törədildi. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini vəhşicəsinə qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150 nəfəri itkin düşdü.

Yenə də, Azərbaycan Dedi – Siz Susdunuz…

 

Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altındadır və texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəza vəziyyətindədir. Anbarda baş verə biləcək hər hansı qəza nəticəsində Azərbaycanın cəbhəyanı 6 rayonunun – Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi rayonlarının 400 mindən artıq əhalisi  qısa vaxt ərzində məhv olmaq təhlükəsi ilə üz-üzədir. İşğaldan bəri Ermənistan dövləti Sərsəngin suyunu kəsməklə bu 400 min əhalinin həyatını cəhənnəmə çevirib, bölgədə ciddi bioloji, ekoloji, iqtisadi gərginlik yaradır. Məqsəd – onları məhv etməkdir! Bütün bu faktlar Sərsəng təcavüzünün Ermənistanın Azərbaycan xalqına qarşı davamlı soyqırım siyasətinin tərkib hissəsi olduğunu, Ermənistanın Sərsəng su anbarını Azərbaycana qarşı dəhşətli silah kimi istifadə etdiyini sübuta yetirir.

BMT Baş Assambleyasının “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” Konvensiyasına görə,  hər hansı milli, etnik, irqi, yaxud dini qrupun qəsdən tam, yaxud qismən fiziki məhvi üçün nəzərdə tutan həyat şəraitinin yaradılması soyqırım hesab edilir.

AŞPA-nın 26 yanvar 2016-cı il tarixində qəbul etdiyi 2085 (2016) saylı qətnamə Ermənistanın sudan silah kimi istifadə etməsini “ekoloji təcavüz” hesab edir, Sərsəng su anbarının səbəb olacağı humanitar fəlakətin, Azərbaycanın cəbhəyanı bölgəsindəki 6 rayonun 400 mindən çox sakininin bu fəlakətin qurbanına çevrilməsinin məsuliyyətini birmənalı şəkildə Ermənistan dövlətinin üzərinə qoyur.

Artıq təkcə Azərbaycan yox, AŞPA-da deyir – Siz də deyin!

 

AŞPA-nın 2085 (2016) saylı bu qətnaməsi ilə 23 ildən sonra ilk dəfə olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanmasını vurğulanır, Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsini tələb edilir.

 

Siz də işğala,  İşğal altındakı torpaqlarda törədilən cinayətlərin, soyqırımın davam etməsinə Yox deyin!

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib