AŞPA-nın iyun sessiyasında demokratiya və azadlıq evinin nümayəndələri işğala və işğalçıya dəstək verdilər

AŞPA-nın iyun sessiyasında demokratiya və azadlıq evinin nümayəndələri işğala və işğalçıya dəstək verdilər

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

AŞPA-nın yay sessiyası zamanı, 23 iyun 2015-ci il tarixində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə layihəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr çox gərgin keçdi.

AŞPA-nın iyun sessiyasında demokratiya və azadlıq evinin nümayəndələri işğala və işğalçıya dəstək verdilər 
Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da
nümayəndə heyətinin üzvü

AŞPA-nın yay sessiyası zamanı, 23
iyun 2015-ci il tarixində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən
hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə
layihəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr çox gərgin keçdi. Gözlənildiyi
kimi, əsas müzakirələr məruzənin qətnamə layihəsinin Azərbaycanın Dağlıq
Qarabağ və digər işğal edilmiş əraziləri ilə bağlı bəndi ətrafında baş verdi.
Bu problemlə bağlı “mövqelər müharibəsi” kimi qiymətləndirilə biləcək müzakirələr
AŞPA-da təmsil olunan anti-Azərbaycan qüvvələrinin və siyasi qurum kimi
AŞPA-nın iç üzünü açmış oldu. Assambleya
məruzənin 1-ci maddəsində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş
Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır”
ifadəsini həmişə istifadə etdikləri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə dəyişdi.
Bütün Avropa və güc mərkəzləri bu dəyişiklikliyi etmək üçün bütün resursları səfərbər
etmiş və bütün güclərini Azərbaycanın və həmməruzəçilərin haqlı tələblərinə
qarşı qoymuşdular. Bu gözlənilən idi. Belə ki, hüququn aliliyi,
demokratiya carçısı Assambleya bir
üzv dövlətin digərinin ərazisini 23 ildir işğal altında saxladığını, Azərbaycan
xalqının bu cür ağır faicəsindən məlumatlı olduğunu ifadə etməklə öz fəaliyyətsizliyini
ifşa etməklə bərabər, Azərbaycan torpaqlarının işğal altında saxlanılması
fakıtına göz yumduğunu etiraf etmiş olurdu.

Qeyd edim ki, məruzə layihəsi
cari ilin may ayında Monitorinq Komitəsinin iclasında təqdim edilərkən mənim kəskin
çıxışımdan sonra məruzə layihəsinin 1-ci bəndində Azərbaycan ərazilərinin
işğalı faktının “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq
Qarabağ və digər yeddi rayonu” ifadəsi kimi əks etdirilməsinə nail olduq. Mən
çıxışımda eyni zamanda, Azərbaycan torpaqlarının 23 ildən artıq müddət ərzində Ermənistanın
işğalı altında olmasına baxmayaraq, Avropa Şurasının yalnız “tam məlumatlı”
olmasını bəyan etməklə kifayətlənməsinə öz dərin təəssüfümüzü bildirdim.

Lakin
erməni lobbisi və anti-Azərbaycan qüvvələri Ermənistanın işğalçı kimi tanınmasını
qəbul edə bilmirdilər və ona görə də bu məruzə Avropa Şuarısının saytında yerləşdirildiyi
21 may tarixdən etibarən bütün erməni lobbisi və anti-Azərbaycan qüvvələr bu məsələ
ilə məşğul olmağa, Azərbaycana qarşı müxtəlif istiqamətlərdə hücumlar təşkil
etməyə başladılar. Nəticə isə sessiya zamanı açıq-aydın üzə çıxdı, AŞPA üzvlərindən
demək olar ki, heç kəs erməni işğalını dilə gətirmədi. Hətta anti-Azərbaycan
qüvvələri, xüsusən də prezident Ann Brassör və Baş Katib Savitski həmməruzəçilər
Pedro Aqramunt və Tadeuş İvinskiyə təzyiq etməkdən belə çəkinmədilər.

Onu
da qeyd edim ki, Monitorinq Komitəsinin 28 may tarixli iclasında məruzənin qətnamə layihəsinin
1-ci bəndində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ
və digər yeddi rayonu” ifadəsinin saxlanılmasına nail olduqdan dərhal sonra
aparıcı güc mərkəzləri özlərinin anti-Azərbaycan kampaniyasını daha da aktivləşdirdi.
Onlar müxtəlif beynəlxalq hökumətlərarası təşkilatlarda və qeyri-hökumət təşkilatlarındakı
satellitlərinə sinxron şəkildə müxtəlif istiqamətlərdə Azərbaycana qarşı
kampaniyaları gücləndirmək barədə göstəriş verdilər. Güc mərkəzlərindən gələn
göstərişlə anti-Azərbaycan qüvvələri və çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən
Şərqi və Qərbi Avropa, Qafqaz və Balkanlarda 13 ölkədə 18 insan hüquqları evində
90 insan hüquqları təşkilatını özündə birləşdirən İnsan Hüquqları Evi Şəbəkəsi
Azərbaycana qarşı sistemli hücuma keçməyə başladılar. Onlar açıq-aydın
demokratik institutların fəaliyyəti ilə bağlı məruzədə işğalla bağlı maddənin
olmasının əleyhinə çıxış edirdilər. Onlar çıxışlarında hüquququn aliliyinə
zidd, məhkəmənin, suveren ölkənin işinə qarışır, insan hüquqları ilə bağlı bir-birini
təkrar edən maddələrin əlavə olunmasını təklif edirdilər. Bu isə onların Azərbaycana
təzyiq etmək üçün təşkil olunduqlarını bəlli edirdi. Bu qərəzlilik qətnaməyə
eyni mahiyyətli və təkrarlanan qərəzli düzəliş və təkliflərin irəli sürülməsində
açıq-aydın görünürdü.

Anti-Azərbaycan
qüvvələrin strategiyasının ikinci əsas istiqaməti kimi Azərbaycanda keçiriləcək
2015-ci il parlament seçkiləri hədəf seçilmişdi. Bunun üçün onlar məruzəyə belə
bir bənd əlavə etməyə çalışırdılar: “DTİHB ilə tam əməkdaşlıq edilsin.
Assambleya bu əməkdaşlığı nəzərə alaraq, qarşıdakı seçkilər üçün müşahidə
missiyası ilə bağlı qərar qəbul edəcək.”

Anti-Azərbaycan
qüvvələrin bu əlavəsinin əsas mahiyyəti Azərbaycanda 2015-ci ildə keçiriləcək
parlament seçkilərinin müşahidəsi üçün ATƏT/DTİHB dəvət edilməyəcəyi təqdirdə AŞPA müşahidə
missiyasını oktyabr ayında geri çağırmasına nail omaq idi. Maraqlıdır ki, çıxışlarda
hətta biri-birinə zidd olan təkliflər səsləndirildi. Bunlardan biri DTİHB-nin
seçkilərə dəvət edilməyəcəyi təqdirdə AŞPA müşahidə missiyasının geri
çağrılmasını nəzərdə tuturdusa, digəri bunun əksini – AŞPA müşahidə
missiyasının tərkibinin iki dəfə artırılmasını nəzərdə tuturdu.

Əslində, DTİHB-lə bağlı bu təklif
nə qədər ziddiyyətli olsa da, o qədər də gülünc görünürdü. Belə ki, Azərbaycan
hökuməti bu və ya digər təşkilatlar qarşısında seçkiləri müşahidə üçün dəvət
etmək öhdəliyi götürməyib, Azərbaycan hökuməti seçkilərə dəvəti özü könüllü şəkildə
həyata keçirir və bu dəvət Azərbaycan hakimiyyətinin xoş məramı ilə
qaynaqlanır. Odur ki, anti-Azərbaycan qüvvələrin bu cəhdi alınmadı. AŞ-nın Azərbaycan
qarşısındakı öhdəliyinə görə, o, seçkiləri müşahidə etməlidir. Bu səbəbdən
onların ölkəmizi bu formada hədələmə cəhdləri əbəsdir.

Lakin bu təklifi irəli sürənlərin əsas
məqsədi məruzənin 1-ci bəndini dəyişmək, Azərbaycanın Dağlıq Qarabağ və digər 7
rayonunun işğal edilməsi faktını gizlətmək idi. Onlar bu maddəni zəiflətmək
üçün 4 düzəliş vermişdilər. Müxtəlif formada biri-birini təkrarlayan düzəlişləri irəli sürməkdə niyyət onlardan
biri keçmədiyi halda digəri ilə məqsədə nail olmaq idi.

Hətta iş o yerə çatmışdı ki,
Ukraynanı fəlakətə uğradan bəzi Avropa siyasətçilərinin, güc dövlətlərinin Ukrayna
hakimiyyətinə güclü təsiri nəticəsində Ukraynalı deputatlar Azərbaycan
torpaqlarının işğalını Ukraynanın işğalına oxşatmamaqla bağlı qətnamə layihəsi
təqdim etmişdilər.

Lakin AŞPA üzvləri öz ölkələrindən
xüsusi göstəriş almalarına baxmayaraq, bu düzəlişlərdən 3-nü rədd etdilər və
sonuncu 1 düzəliş 10 səslə qəbul edildi. Maraqlıdır ki, Avropa İnsan Hüquqları
Məhkəməsinin (AİHM) yenicə, 16 iyun 2015-ci il tarixində Çıraqov və digərlərinin
işi ilə bağlı qəbul etdiyi qərar belə nəzərə alınmadı. Belə ki, Məhkəmə öz qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə
faktiki nəzarət etməsi faktını vurğulayır, Dağlıq Qarabağda və ətraf rayonlarda
baş verən insan hüquqları pozuntularına görə beynəlxalq-hüquqi məsuliyyətin Ermənistanın
üzərinə düşdüyünü bildirir. Azərbaycanın Dağlıq Qarabağla yanaşı 7 ətraf rayonunun
işğal edildiyini dəfələrlə
vurğulasam da, onlar bunu eşitmək istəmirdilər.

AŞPA
prezidenti Ann Brassör öz məkrli məqsədlərinə nail olmaq məqsədilə müxtəlif bəhanələrlə həmin
bəndi bir neçə dəfə səsə qoydu. Hətta səsvermədən sonra kuluarlarda deputatlar
qəbul edilən düzəlişin 10 səs çoxluğu ilə qəbul edilməsinə dair şübhələrini
gizlətmirdilər.

Qeyd etməliyəm ki, AŞPA-nın
prosedur qaydalarına əsasən, həmməruzəçilər müzakirələr zamanı düzəlişlərlə
bağlı öz fikirlərini bildirə bilərlər. Misal üçün, bir neçə il əvvəl Ştrasserin
məlum məruzəsi müzakirə edilərkən o, düzəlişlərlə bağlı öz fikrini bildirirdi. Lakin
AŞ prezidenti Ann Brassör bu müzakirələr zamanı AŞPA-nın prosedur qaydalarını
kobud şəkildə pozaraq, məruzənin birinci bəndinə düzəlişlərin müzakirəsi bitənədək
məruzəçilərə söz vermədi.

Məruzəçilər buna etiraz etdikdə,
Ann Brassör onlara sizin belə bir hüququnuz yoxdur cavabı verdi və Baş Katib Savitski
də bunu təsdiqlədi. Yalnız AŞPA-nın İspaniyalı üzvü cənab Aqustin Kondi buna
qarşı çıxış edərək prosedur qaydalarının tələbləri ilə bağlı geniş izahat
verdikdən sonra Ann Brassör həmməruzəçilərə söz verdi. Amma artıq gec idi,
Savitskinin erməniləri müdafiə missiyası artıq başa çatmışdı.

Azərbaycan xalqına bəyan edirəm
ki, Avropa Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun işğal edildiyini
hesab etmir və onların bu barədə mövqeyi dünyanı və Azərbaycan ictimaiyyətini
aldatmaqdan başqa bir şey deyil. 23 ildir erməni tapdağı altında olan
torpaqlarımızı azad etmək üçün Avropaya və beynəlxalq qurumlara etibar etmək və
ya onlardan kömək gözləmək sadəlövlükdür.

Nəhayət,
qeyd etmək istərdim ki, Ermənistan tərəfi uzun müddət idi ki, AŞPA Siyasi Komitəsinin
“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş rayonlarında gərginliyin
artması” üzrə məruzəçisi Robert Volterlə əməkdaşlıqdan imtina edirdi və onun
mandatı çərçivəsində Ermənistana səfər etməyə imkan vermirdi. Bununla belə, AŞ rəhbərliyi və Ermənistan hakimiyyətinin
işğalı gizlətmək cəhdlərinə baxmayaraq, onlar 23 iyunda cənab Robert Volterin məruzəçi
kimi öz mandatı çərçivəsində Ermənistana dəvət edilməsinə məcbur oldular.
Sessiya zamanı AŞPA Sosial Komitəsində işğal altında olan Sərsəng su anbarı ilə
bağlı məruzəçi Milica Markoviçin Azərbaycana və Ermənistana növbəti səfəri ilə
bağlı qərar veriləcəyi də gözlənilir. Hər iki məruzə bu ilin sonunadək təqdim
olunacaqdır.

Sonda
bir daha vurğulamaq istərdim ki, AŞPA-da müxtəlif bəhanələrlə ölkəmizə qarşı təzyiqlərin
arxasında ərazilərimizin Ermənistan tərəfindən işğalını gizlətməkdən və işğal
faktının unudulmasına nail olmaqdan ibarətdir. Lakin biz belə məkrli qüvvələrə
qarşı mübarizəmizi sona qədər qətiyyətlə davam etdirməliyik.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib