“1905-ci il soyqırımının 110 illiyi, uydurma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində erməni yalanları ilə mübarizə daha da güclənməlidir”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov 1905.az portalının suallarını cavablandırır.

– Elxan müəllim, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının yaradılmasından on il ötür. AVCİYA yarandığı ilk gündən Ermənistanın Azərbaycan təcavüzünü, onun aradan qaldırılması yollarını ön plana çəkib. Bu illər ərzində həyata keçirilən hansı mühüm layihələri qeyd edə bilərsiniz?
– Ermənistanın Azərbaycana təcavüzü mahiyyət etibarilə 1828-ci ildə ermənilərin bizim ərazilərimizə köçürülməsindən sonra həyata keçirilən soyqırım və deportasiya siyasətinin tərkib hissəsidir. Bu təcavüz və onun nəticəsində ölkəmizin üzləşdiyi acınacaqlı vəziyyətin nəticələrinin geniş dünya ictimaiyyətinə çatdırılması əslində hər bir təşkilatın və vətəndaşımızın ümdə vəzifələrindən biri olmalıdır. AVCİYA-nın üzvü olan təşkilatların adına sadəcə olaraq diqqət yetirsəniz, bu məsələyə bizim necə həssas yanaşdığımızın şahidi ola bilərsiniz. Burada bu problemlə həm birbaşa, həm də dolayısı ilə əlaqədar olan bir sıra qurumlar – qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiə edən, insan hüquqları ilə bağlı, azadlıqdan məhrumetmə yerlərinin monitorinqini həyata keçirən, və s. təşkilatlar təmsil olunub. AVCİYA-nın xəttilə bu ümummilli problemlə əlaqədar çoxsaylı konfrans və simpoziumlar keçirilib, xarici dillərdə müxtəlif kitablar nəşr etdirib. AVCİYA Ermənistanın Azərbaycana təcavüzünün ən dramatik hadisəsi – Xocalı soyqırımı ilə bağlı böyük əks-səda doğurmuş tədbirlər həyata keçirib. 2006-cı ildə biz Xocalı faciəsi şahidlərinin ifadələrini, faktları, hadisənin dünya mətbuatındakı əks-sədası ilə bağlı materialları toplayaraq, Azərbaycan, ingilis və rus dillərində “Xocalı soyqırımı (sənədlər, faktlar və xarici mətbuatda)” adlı kitabda çap etdirdik.
2007-ci ildə “Xocalı soyqırımı: milyon imza, bir tələb” şüarı altında miqyaslı aksiya çərçivəsində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasını tələbilə bir milyon Azərbaycan vətəndaşının imzası toplandı. İmzalar kitab halında çap etdirilərək, qabaqcıl dünya ölkələrinin parlamentlərinə və kitabxanalarına təqdim olundu. Xocalı hadisələri zamanı öldürülənlərin foto-şəkilləri bəzən ermənilər tərəfindən saxtalaşdırılaraq, erməni qurbanları kimi qələmə verilir. Növbəti erməni saxtakarlığının qarşısını almaq üçün AVCİYA 2010-cu ildə ingilis dilində “Bir faciə haqqında iki foto-söhbət” kitabını çap etdirdi. Kitaba Xocalı faciəsi ilə bağlı ən geniş yayılmış foto-şəkillərin müəllifi olan iki fotoqrafla söhbət və fotolar daxil edilib. Fotoqraflar fotoların lentə alındığı gün haqqında və həmin hadisələr barəsində öz təəssüratlarını söyləyirlər. Və hadisələrə heç bir qiymət vermədən mühakimə yürütmək hüququnu oxucunun öhdəsinə buraxırlar. 2010-cu ildə həmçinin, ingilis dilində “Tarixi faktlar erməni miflərinə qarşı”, 2012-ci ildə isə daha bir məşum hadisə haqqında Azərbaycan və ingilis dillərində “Qaradağlı faciəsi” adlı kitab çap etdirmişik. Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bakı şəhərində 24 fevral 2012-ci il tarixində “İnsanlığa qarşı cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib. 2014-cü ildə çap etdirdiyimiz “Azərbaycanın erməni vətəndaşları: təhlükəsizlik təmin olunur!” adlı kitabda Azərbaycanın işğaldan kənar bölgələrində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının həyat hekayələri öz əksini tapıb.
2012-ci ildə Assosiasiyamızın karabakhinfo.com beynəlxalq elektron jurnalı fəaliyyətə başlayıb. Karabakhinfo.tv də məzmunlu proqramları ilə tamaşaçı auditoriyasının diqqətini cəlb etməyə müvəffəq olub.
2012-ci ildə mənim və iqtisad elmləri doktoru Vurğun Süleymanovun müəllifliyi ilə “Ermənistanın Azərbaycana təcavüzü və işğalın ağır nəticələri” kitabı nəşr edildi. Kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər ilk dəfə olaraq kompleks araşdırıldı, ölkəmizə dəyən zərərin 431 milyard dollar olduğu müəyyənləşdirildi. Qeyd edim ki, bu kitab növbəti ildə Vaşinqtonda ingilis, Parisdə fransız, Kiyevdə Ukrayna, Sankt-Peterburqda rus dilində, Bakıda isə həm də ərəb dilində çap olundu.
– AVCİYA-nın Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı layihələrindən danışanda ön plana çıxan əsas layihələrdən biri də “Sərsəng SOS”dur. Bu layihə ilə bağlı oxucularımıza bir qədər əhatəli məlumat verməyinizi xahiş edirik.
– 23 ildən artıq işğal altında qalmış Sərsəng su anbarı 6 cəbhəyanı rayonda məskunlaşmış 400 000 mülki əhali üçün real təhlükə mənbəyinə çevrilib. Ermənistan hakimiyyətinin bu su anbarının yüksəklikdə yerləşməsindən istifadə edərək istənilən an planlı və düşünülmüş şəkildə cəbhəyanı zonada azərbaycanlı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə silah kimi istifadə edəcəyi şübhə doğurmur. “Sərsəng SOS” layihəsi vasitəsilə biz diqqəti Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan təhlükəli vəziyyətə düşməsinə və hər an dağılma ehtimalına yönəltmək istəyirik. Layihənin irəli sürüldüyü il Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İllik Konfransı və iyunun 10-da Vyanada keçirilmiş “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” beynəlxalq konfransının tribunalarından Sərsəng su anbarı ilə bağlı məsələnin ciddiliyi səsləndirildi. Jurnalistlər və gənc rəssamlar arasında “Sərsəng harayı” mövzusunda müsabiqə keçirildi. “Sərsəng harayı” mövzusunda Tərtər şəhərində beynəlxalq konfrans, Yevlax şəhərində isə regional toplantı keçirildi. Daha bir kitabçaya isə Sərsənglə bağlı hər hansı bir fəlakət baş verəcəyi təqdirdə məhv olmaq təhlükəsi ilə üzləşə biləcək tarix və mədəniyyət abidələrinin siyahısını daxil etdik. Nəhayət, 2014-cü ilin mayında bütün təzyiqlərə rəğmən, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin Nikosiyadakı iclasında mənim təqdim etdiyim “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin olundu. Dekabr ayında mən Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi xanım Milica Markoviç və onu müşaiət edən şəxslərlə görüşdüm. Görüşdə Sərsəng bəndinin yaradığı sosial fəlakət, ekoloji böhran Yevlax, Bərdə, Ağdam, Tərtər, Goranboy və Ağcabədi rayonlarının su ilə təmnatında mövcud olan acınacaqlı vəziyyət və s. məsələlər ətraflı müzakirə olundu. Ümidvaram ki, məruzəçinin qaldırdığımız problemlə əlaqədar məruzəsi obyektiv olacaq.
– Yeri gəlmişkən, Avropa təsisatlarında Qarabağ problemi ilə əlaqədar bu və ya digər sənədin qəbulu ciddi müqavimətlə üzləşir. Bununla belə cari il ərzində Sizin təqdim etdiyiniz qətnamə layihəsi əsasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda da məruzəçi təyin olundu. Buna nail olmaq çoxmu çətin idi?
Təəssüf ki, bir çox hallarda dünya birliyi Dağlıq Qarabağı Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi, problemi isə münaqişə kimi təqdim edir. Lakin bu, münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür. Ermənistan Azərbaycana hərbi təcavüz edərək müharibə aparıb və Azərbaycan ərazilərini işğal edib. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan tərəfdir. Amma faktiki olaraq işğalçı dövlət olan Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoyulmur, əksinə, əksər hallarda Ermənistan müdafiə olunur. Heç bir beynəlxalq təşkilat bu dövlətə qarşı sanksiyalar tətbiq etmir ki, bu da onlara işğalçılıq siyasətini davam etdirmək üçün bir növ şərait yaradır. Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti, AŞPA-dakı ermənipərəst qruplaşmalar, dünyanın aparıcı güc mərkəzlərindəki ermənipərəst qüvvələr Ermənistanın işğalçılıq siyasətini ifşa edən, bu işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsini tələb edən hər hansı bir sənədin nəinki qəbul edilməsinin, hətta hazırlanmasının qarşısını almaq üçün bütün imkanlarını səfərbər ediblər. AŞPA Bürosunun mənim təqdim etdiyim qətnamə layihəsi əsasında 2 sentyabrda qəbul edilən, 23 sentyabrda isə təsdiq etdiyi qərar əsasında oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyası Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edildi. Yeni təyin edilmiş məruzəçi britaniyalı deputat Robert Volterdir. Siyasi məsələlər üzrə komitənin iclasında da müzakirələr iki əsas məsələ – hesabatın adının dəyişdirilməsi və kimin məruzəçi təyin ediləcəyi ətrafında aparıldı. Ermənistan nümayəndə heyətinin üzvləri hər vəchlə hesabatın adının dəyişdirilməsinə çalışıblar. Toplantıda çıxış edən erməni deputatlar məruzənin bu adda qalacağı və məruzəçinin təyin ediləcəyi təqdirdə, Ermənistanın bu məsələdə AŞPA və onun məruzəçisi ilə əməkdaşlıq etməyəcəklərini bildiriblər. Lakin səsvermələrdə məruzənin adı dəyişilməyərək, olduğu kimi, yəni “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” kimi qalıb. Bu bizim üçün çox prinsipial bir məqamdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasətimizin uğurudur. Biz ümid edirik ki, məruzəçi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı sənədi hazırlayarkən Ermənistan hakimiyyətinin, AŞPA-dakı ermənipərəst qüvvələrin, ermənipərəst aparıcı güc mərkəzlərinin təzyiqlərinə baxmayaraq obyektiv məruzə hazırlayacaq. Məruzədə Ermənistanın işğalçı dövlət olduğu və işğal etdiyi ərazilərdə mülki əhaliyə qarşı kütləvi şəkildə cinayətlər törətdiyini bir daha dünya ictimaiyyətinə çatdırılacağına, işğalçı Ermənistana qarşı konkret sanksiyaların tətbiq edilməsinin vacibliyinin əks olunacağına böyük ümid bəsləyirik. Həmçinin, mənim tərəfimdən Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq məhkəməsi tərəfindən azadlıqdan məhrum edilən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin olunmasına dair qətnamə layihəsi hazırlanaraq AŞPA katibliyinə təqdim olunub. Bu məsələdə də irəliləyiş olacağına ümid bəsləyirik.
– Artıq beşinci ildir ki, Siz Şamaxı rayonunu Azərbaycan Respublikasının Milli Məclisində təmsil edirsiniz. Məlumdur ki, 1918-ci il mart-aprel aylarında ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırımın ən dəhşətli hadisələri Şamaxıda cərəyan edib.
– Həqiqətən də Şamaxıda ermənilərin törətdikləri qırğın həm qurbanlarının sayına, həm də əhatə dairəsinə görə fərqlənir. O zaman qəza mərkəzi olan Şamaxı şəhərini ermənilər fürsətdən istifadə edərək ələ keçirmək istəyirdilər. 1918-ci ilin mart ayında başda Stepan Şaumyanın əlaltısı olan Şamaxı ermənisi Lalayan olmaqla Bakı Sovetinin erməni-daşnaklardan ibarət cəllad dəstələri dinc, günahsız şamaxılılara, sözün həqiqi mənasında, divan tutdular. Şamaxı soyqırımı bəşəriyyət tarixinin ən qatı cinayətlərindən biridir. Ona görə də bu soyqırım haqqında həqiqətlərin çatdırılması bizim əsas prioritetlərimizdən biridir. AVCİYA 2011-ci ilin martından başlayaraq “Azərbaycanda erməni terrorunun izləri – Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə həyata keçirməyə başlayıb. Layihə çərçivəsində 2011-ci ilin martında Şamaxıda yüksək səviyyədə beynəlxalq konfrans keçirilib, həqiqətləri çatdırmaq üçün Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı” adlı kitab nəşr edilərək müxtəlif ölkələrə yayılıb. 2012-ci ilin martında Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Şamaxı soyqırımı” mövzusunda eilmi-praktik konfrans keçirilib. Assosiasiya erməni cinayətlərinin dünyaya çatdırılması sahəsindəki məqsədyönlü işini davam etdirərək, 2012-ci ilin oktyabr ayında “Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-cu illər repressiyaları)” kitabını nəşr etdirib. Ümumiyyətlə, bu sahədə görəcəyimiz işlər hələ ki, yetərincədir.
– Elxan müəllim, 2014-cü il martın 28-də Şamaxı şəhərində Sizin təşəbbüsünüzlə yeni bir layihənin – “1905.az” portalının təqdimatı oldu. Artıq həmin tarixdən 10 aya yaxın müddət keçir. Bu layihə ilə bağlı gözləntiləriniz özünü doğrultdumu?
– Məlumdur ki, ermənilər tarix boyu xalqımızı dəfələrlə soyqırıma məruz qoyublar. Əslində onların bu siyasətinə bölgəyə qədəm qoyduqları gündən start verilib. Onlar öz fəaliyyətlərində Rusiya imperiyasının əməli yardımını daim hiss ediblər. Bu hadisələrlə bağlı bizim görkəmli alimlərimiz böyük tədqiqatlar aparıb, fundamental elmi əsərlər yazıblar. Lakin təəssüflə qeyd etməliyəm ki, bir çox hallarda bu əsərlər Azərbaycan və ya rus dillərində yazıldığından, geniş dünya ictimaiyyətinin bunlardan xəbəri olmur. Və təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, çox uzun illər ərzində erməniliyin uydurmaları, yalanları ayaq tutub yeriyib.
“1905.az” portalını yaratmaqda bizim əsas məqsədimiz azərbaycanlıların məruz qaldıqları soyqırım həqiqətini, yaşadıqları tarixi torpaqlardan deportasiya olunmaları haqqında məlumatları, eləcə də Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı gerçəklikləri müasir texnologiyalardan istifadə etməklə,12 dildə geniş dünya oxucusuna çatdırmaqdan ibarət idi. Bu gün hər ay dünyanın 100-dən çox ölkəsindən on minlərlə istifadəçi “1905.az” portalı vasitəsilə bu məlumatlarla tanış olur. Portal fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın tanınmış tarixçilərinə tribuna verib, onların məqalə və müsahibələrini xarici dillərə tərcümə edərək xarici ölkə oxucularına çatdırıb. Portalın əsas mövzuları ilə əlaqədar alim və tədqiqatçıların iştirakı ilə müxtəlif diskussiyalar təşkil olunur. Şamaxı məktəbliləri arasında “Şamaxı soyqırımı” mövzusunda inşa müsabiqəsini, eləcə də oxucular arasında “Tarixi hekayə müsabiqəsi”ni “1905.az”ın uğurlu layihələrindən hesab edirəm. Portalın əməkdaşları vizual effektə böyük diqqət verir, müxtəlif infoqrafikalar, videolar, işğal olunmuş rayonlarımızdakı tarixi abidələrin fotolarından istifadə etməklə maraqlı “divar kağızları” hazırlayırlar. Mən həmçinin, “1905.az” portalının Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (aliyevheritage.org) ilə faydalı əməkdaşlığını vurğulamaq istərdim. Belə ki, “1905.az” portalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin materiallarından, ümummilli liderimiz Heydər Əliyevin qeyd olunan mövzularla bağlı çıxış, məktub və bəyanatlarının mətnlərindən uğurla bəhrələnilir. Bir sözlə, 10 ay o qədər də böyük müddət olmasa da portalın artıq inamla özünü təsdiq etdiyini söyləyə bilərik. 1905-ci il soyqırımının 110 illiyi, uydurma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində erməni yalanları ilə mübarizə güclənməlidir. Bir daha vurğulamaya bilmirəm. Təsəvvür edin, 110 il bundan əvvəl azərbaycanlılara qarşı soyqırım törədilib. Dünyada isə qondarma “erməni soyqırımı”ndan, bu yalanın 100 illiyindən danışılır.
Tarixi həqiqətlərin geniş auditoriyaya çatdırılması baxımından biz “1905.az” portalından daha böyük nailiyyətlər gözləyirik.
Biz azərbaycanlı kimi, bir millət vəkili kimi erməniliyin saya gəlməz cinayətlərini ifşa edən 1905.az portalını ruhumun qidası kimi dəyərləndirirəm.
Buradaca 1905.az portalının yaradıcı heyətinə minnətdarlığımı bildirirəm. Portalın Elmi-Redaksiya Şurasına AMEA-nın müxbir üzvü, tarixçi alim İlyas Babayev rəhbərlik edir. Portalın direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevə, resursun bütün əməkdaşlarına, 1905.az saytı ilə əməkdaşlıq edən bütün yazarlara, dəyərli tədqiqatçılara uğurlar arzulayıram.
– Minnətdarıq. Çox sağ olun.
Gündüz Nəsibov, Aynur Hüseynova
1905.az

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib