AVCİYA prezidentinin dəstəyi ilə itkin düşmüş şəxslərin xatirəsi əbədiləşdirilib

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun təşkilatçılığı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi  ilə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulmuş abidənin açılış mərasimi  keçirilmişdir. 

Tədbiri giriş sözü ilə açan “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondunun sədri Şahin Camalov bildirib ki,  təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri müharibədə itkin düşmüş  və ya şəhid olmuş şəxslərin ailə üzvlərinin hüquqi və psixoloji problemlərinin həllinə yardımçı olmaqdır. Bu məqsədlə, 2011-ci ilin yanvar ayından etibarən təşkilatın nəzdində  İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində Bakı şəhərinin 4 rayonunu əhatə etmiş, ümümilikdə 500-ə yaxın itkin düşmüş şəxsin ailəsinə psixo-sosial sahədə dəstək göstərilmişdir.  Məhz bu abidənin açılışı da həmin layihə çərçivəsində həyata keçirilib.

Abdiənin ucaldılmasında əsas dəstəyi göstərən Şamaxının millət vəkili Elxan Süleymanov Qarabağ müharibəsinin törədiyi ağır fəsadlardan danışdı.Təkcə Sabunçu rayonunun 147 nəfər şəhid verdiyini deyən Millət vəkili  bu müharibənin Azərbaycan xalqının ən böyük faciəsi olduğunu diqqətə çatdırdı: “Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsin 4015 nəfər insan əsir düşmüş və girov götürülmüşdür. Onlardan 3254 nəfər hərbiçi, 757 nəfər mülki şəxsdir. Mən hesab edirəm ki, onlar çox böyük qəhrəmanlardır. Bu çox böyük tarixi hadisədir ki, biz əsir düşmüş insanların xatirəsini əbədiləşdirmək üçün rayon icra hakimiyyətinin köməyi ilə bu abidəni ucaltdıq” – deyə Elxan Süleymanov bildirib.

Daha sonra  Milli Məclisin üzvü Fazil Mustafa, Sabunçu RİH başçısının müavini Qəzənfər Həsənov, Bakıxanov Bələdiyyəsinin sədri Nadir Əsədov və itkin düşmüş şəxslərin ailə üzvləri çıxış etmişlər.

Qeyd edək ki,  “İnsan Hüquqları XXI əsr- Azərbaycan” Fondu 2004-cü ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi Azərbaycanda insan hüquqlarının müdafiə və təmin edilməsi, pozulmuş hüquqların bərpası, həmçinin bu sahədə maarifləndirilmə işlərinin aparılmasından ibarətdir.

 

 

 

Bənzər mövzular

Avropa Şurası Parlament Assambleyasının tragikomik qərarı və ya 14 nəfərin “ömürlük cəza”sının anatomiyası haqqında
AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub:
Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində iftar süfrəsi açılıb
AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir