Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şamaxı rayonunda səfərdə olmuşdur – 14.09.2011

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 13-də Şamaxı rayonunda səfərdə olmuşdur.
Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son vaxtlarda yenidənqurma və abadlıq işləri görülmüş, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıq zolağı genişləndirilmişdir.

Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, burada yenidənqurma işlərinə ötən il başlanmışdır. Layihəyə əsasən 2,5 min kvadratmetr sahəsi olan əsas binanın və digər yardımçı binaların fasadı müasir örtüklə və xüsusi dizayna malik şüşələrlə üzlənir. Komplektin bütün elektrik, işıqlandırma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri yenilənir. Prezident İlham Əliyev kompleksin maketi və inşaat işlərindən sonrakı görüntüsünü əks etdirən stendlərlə tanış oldu.
Dövlət başçısı burada inşası nəzərdə tutulan “Olimpik” hotelinin görüntülərini əks etdirən filmə baxdı.

Prezident İlham Əliyev Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur.
Azərbaycan Prezidentinə əvvəlcə məscidin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi.

Məsciddə aparılan yenidənqurma işləri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri olan Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa edilmişdir.

Vurğulandı ki, sovet dövründə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Ancaq Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur.
Bildirildi ki, milli mənəvi dəyələrimizin qorunması və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və digər bölgələrimizdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilmiş, bərpa olunmuş və yenidən qurulmuşdur. Prezident İlham Əliyevin ötən illərdə Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olması və “Şamaxıdakı Cümə məscidi Dövlət Tarix-Memarlıq Abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalaması da bu müqəddəs amaldan qaynaqlanır.
Qeyd edildi ki, Heydər Əliyev Fondu da bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan işlər Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.

Daha sonra Prezident İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində Sabir qəsəbəsində oldu.
Dövlət başçısına məlumat verildi ki, 3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur. Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülmüş, elektrik və digər kommunal xətləri yenilənmiş, geniş yaşıllaşdırma işləri aparılmışdır. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılmışdır.
Prezident İlham Əliyev dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin açılışında iştirak etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev Şamaxıda “Şirvan” mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə də tanış olmuşdur.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, bina 1974-cü ildə inşa edilmiş, ötən ilə qədər istifadədə olmuşdur. Binanın istifadəyə yararsız olması nəzərə alınaraq 2010-cu ilin fevralından mehmanxanada təmir işlərinə başlanmışdır. Onmərtəbəli, 36 nömrəsi olan mehmanxananın sahəsi 6 min kvadratmetrdir. Hazırda binanın interyerində son tamamlama işləri görülür. Burada yenidənqurma işlərini bu ilin dekabrında başa çatdırmaq nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında iştirak etmişdir.

Bildirildi ki, Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanmışdır. 2,5 hektar ərazidə aparılan inşaat işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, müdavim və müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan ikimərtəbəli dörd qonaq evi daxildir.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Məlumat verildi ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılmış, 1960-cı ildən fəaliyyətə başlamışdır. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşməklə dünyanın bir sıra rəsədxanalarını qabaqlayır. Rəsədxana çətin müşahidə edilən Cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir. Belə ki, burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır.
Qeyd olundu ki, Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən Azərbaycan Prezidenti İlham Əliyev rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin aparılması ilə bağlı sərəncam və tapşırıqlar vermişdir. Dövlətimizin başçısının 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan 8 milyon manat vəsait ayrılmışdır.

Prezident İlham Əliyev rəsədxana kompleksinin Yusif Məmmədəliyev adına yaşayış qəsəbəsində aparılan tikinti və yenidənqurma işləri ilə də tanış oldu.
Dövlət başçısı əvvəlcə akadmeik Yusif Məmmədəliyevin büstü önünə gül dəstəsi qoydu.
Bildirildi ki, burada rəsədxanada çalışan elmi heyətin və onların ailələrinin yaşaması üçün yüksək infrastruktura malik şərait yaradılmışdır. Əməkdaşlar üçün 72 mənzildən ibarət beşmərtəbəli iki yaşayış binası inşa olunmuşdur. Kompleksə poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər də daxildir.

Mənzillərdə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Genişliyi və rahatlığı ilə seçilən bu mənzillər rəsədxanada çalışan elm adamlarının fəaliyyətlərini daha da stimullaşdıracaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsədxananın kollektivi ilə görüşdə çıxış etmişdir.

(www.president.az saytının materialları əsasında hazırlanmışdır)

Bənzər mövzular

Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb
Avropa Şurası Parlament Assambleyasının tragikomik qərarı və ya 14 nəfərin “ömürlük cəza”sının anatomiyası haqqında
AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub: