Şamaxıda müharibə əlilinin övladı üçün toy mərasimi təşkil edilib və yeni inşa ediləcək evin təməli qoyulub

Şamaxı rayonunda xeyriyyə tədbiri keçirilib. APA-nın Şirvan bürosunun xəbərinə görə, Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun dəstəyi ilə rayonun Qaleybuğurd kənd sakinləri Bəhlul və Ramilənin toy mərasimi təşkil edilib. Rayon mərkəzindən 35 kilometr aralıda dağlıq ərazidə yerləşən kənddə milli adət-ənənələrə uyğun olaraq təşkil edilən toy mərasimində Milli Məclisin deputatları Elxan Süleymanov, Qənirə Paşayeva, Rövşən Rzayev, Xanhüseyn Kazımlı, Əli Hüseynli, Azər Kərimli, Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Filipp Blenşar, rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, rayon ziyalıları, yerli sakinlər iştirak edib. Beş yüz nəfərin iştirak etdiyi mərasimdə çıxış edən deputatlar yeni ailə quran bəy və gəlinə xeyir-dua verib, onları təbrik edərək xoşbəxtlik diləyiblər. Bəyin atası Qarabağ müharibəsi əlili Mərdan Hacıyev mərasimin təşkilatçısı Elxan Süleymanova və toya gələn qonaqlara minnətdarlıq edib.

Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Filipp Blenşar çıxışında ilk dəfə olaraq bu cür toyda iştirak etdiyini etiraf edib, mərasimdə Azərbaycanın milli adət-ənənələri, yeməkləri ilə yaxından tanış olduğunu bildirib və bu xeyriyyə tədbirinin təqdirəlayiq olduğunu qeyd edib.

Toy mərasimin keçirildiyi həyətyanı sahədə yeni ailə quran gənclər üçün tikiləcək evin təməli qoyulub. Elxan Süleymanov gənclərə 4 otaqlı hər cür şəraiti olan ev inşa etdirəcəyini bildirib. Sonra mərasimin aparıcısı xalq artist Ramiz Əzizbəyli sözü incəsənət ustalarına verib. Xalq artisti Alim Qasımovun, əməkdar artistlər Azərin və Zabit Nəbizadənin, yerli aşıqların səsləndirdiyi mahnılar mərasim iştirakçılarına xoş anlar bəxş edib.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib