AVCİYA-nın prezidenti, Millət vəkili Elxan Süleymanovun çıxışı

AVCİYA-nın prezidenti, Millət vəkili Elxan Süleymanovun “Siyasi məhbus anlayışı üçün bir tərifin qəbul edilməsi zərurəti” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı


Hörmətli sədr, 
Hörmətli konfrans iştirakçıları,
Xanımlar və cənablar,
Sizi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və konfransın digər təşkilatçıları adından Azərbaycanın paytaxtı Bakı şəhərində xoş gəlmişsiniz deyirəm və Azərbaycan qonaqpərvərliyi ilə salamlamaqdan məmnunluq duyuram. 

AVCİYA-nın prezidenti, Millət vəkili Elxan Süleymanovun “Siyasi məhbus anlayışı üçün bir tərifin qəbul edilməsi zərurəti” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı

Hörmətli sədr, 
Hörmətli konfrans iştirakçıları,
Xanımlar və cənablar,
Sizi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və konfransın digər təşkilatçıları adından Azərbaycanın paytaxtı Bakı şəhərində xoş gəlmişsiniz deyirəm və Azərbaycan qonaqpərvərliyi ilə salamlamaqdan məmnunluq duyuram. 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün əsas məqsədləri elan etmişdir. Bu məqsədlərə nail olmaq üçün dünya dövlətləri ilə qarşılıqlı hörmət və fayda əsasında əməkdaşlıq, inkişaf etmiş beynəlxalq birliklərə inteqrasiya Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləri olmuşdur. 

Sözsüz ki, dünyanın aparıcı iqtisadi və siyasi güc mərkəzlərindən biri olan, beynəlxalq aləmdə demokratik dəyərləri, insan hüquqlarının müdafiəsini və vətəndaş cəmiyyəti quruculuğunu özünün əsas xətti hesab edən Avropa məkanına inteqrasiya Azərbaycan dövləti üçün strateji istiqamətlərdən biri olmuşdur. Bu dövr ərzində Azərbaycan Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edilmiş, Avropanın digər nüfuzlu qurumları ilə qarşılıqlı və işgüzar əməkdaşlıq əlaqələri qurmuşdur. Bu əməkdaşlıq əlaqələri qısa müddət ərzində genişlənmiş və hər iki tərəf üçün əhəmiyyətli olmuşdur, hətta bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 

Hazırda Azərbaycan Avropanın nailiyyətlərini öz nailiyyətləri, Avropada mövcud olan problemləri isə öz problemləri kimi qəbul edir və onların həllində bilavasitə iştirak edir. Bu problemlərdən biri Avropa məkanı üçün aktual olan “siyasi məhbus” anlayışının hüquqi təbiəti ilə bağlıdır. Bu problemin həllinə nail olmaq məqsədilə təşkil edilmiş beynəlxalq konfransın Bakıda keçirilməsi göstərir ki, Azərbaycan Avropaya müvəffəqiyyətlə inteqrasiya edir. Odur ki, mən Avropanın tanınmış ictimai xadimləri, siyasətçiləri, parlament üzvlərinin Avropa məkanı üçün akrual olan “siyasi məhbus” anlayışı ilə bağlı müzakirələr aparmaq üçün Bakıya toplaşmalarından məhz bu beynəlxalq konfransın Bakıda keçirilməsindən fəxr və qürur hissi duyuram. 
Əminəm ki, konfras zamanı biz səmərəli müzakirələr aparacağıq və Bakı konfransı məsələnin həlli istiqamətində öz töhvələrini verəcəkdir.
Bir daha Sizi salamlayıram və konfransın işinə müvəffəqiyyətlər arzulayıram.

Hörmətli konfrans iştirakçıları!
Xanımlar və cənablar!
İndi isə icazənizlə konfransın mövzusu ilə bağlı hazırladığım məruzəni diqqətinizə çatdırmaq istərdim. Konfaransın proqramında qeyd edildiyi kimi, Avropa Şurasında siyasi məhbus probleminin mahiyyəti ilə bağlı bir sıra əsas məqamları nəzərinizə çatdırmağı vacib hesab edirəm.
Bildiyiniz kimi, uzun müddətdir ki, siyasi məhbus problemi Avropa Şurasında müzakirə edilən məsələlər sırasında daha çox mübahisə və müzakirələrə səbəb olmaqda davam edir. Əsas müzakirə pred¬meti isə əsasən “siyasi məhbus” anlayışının hüquqi təbiəti, ondan irəli gələn subyektiv və gərəzli nəticə¬lərdən, ayrıseçkili yanaşmadan ibarət olmuşdur. Belə ki, indiyə qədər “siyasi məhbus” anlayışı və onun hüquqi təbiəti heç bir beynəlxalq sənəddə, o cümlədən Avropa Şurasının sənədlərində müəyyən edilməmiş və beynəlxalq-hüquqi müstəvidə öz həllini tapmamışdır. 

Obyektivlik naminə qeyd etmək lazımdır ki, “siyasi məhbus” anlayışından 1989-1990-cı illərdə BMT-nin Namibi¬yada, sonradan isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi Afrika Respublikasında həyata keçirdikləri missiyalar zamanı tətbiq edilmişdir. Bu missiyalar zamanı həmin anlayışdan professor Karl Aage Nerqaard tərəfindən hazırlanmış və “Nerqaard prinsipləri” adlandırılan meyar¬lar əsasında istifadə edilmişdir. Bununla yanaşı, “siyasi məhbus” anlayışı hazırda yalnız Amnisti İnterneyşenal təşkilatı tərəfindən özünün meyarları əsasında istifadə edilir. Lakin “siyasi məhbus” anlayışından istifadə edilməsi ilə bağlı nümu¬nələr nə universal, nə də regional səviyyədə qəbul edil¬miş beynəlxalq-hüquqi kateqoriyalar hesab edilə bilməzlər. 
Məhz “siyasi məhbus” termininin anlaşıqlı və dəqiq anlayışının mövcud olmaması nəticəsində müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının siyasi məhbus¬ların müəyyən edilməsi üçün irəli sürdükləri tələblər ciddi şəkildə fərqlənirlər. Belə ki, bəzi təşkilatlar daha böyük siyahı tərtib etdikləri halda, digər təşkilatların siyahıları qısa olur və bu təşkilatların hər biri həbs edilmiş şəxslərin siyasi məhbus kateqoriyasına daxil edilməsində öz xüsusi kriteriyalarına əsaslanırlar. Bir sıra hallarda isə bəzi təşkilatlar “siyasi məhbus” anlayışına öz siyasi maraqları müstəvisindən məna verirlər. 

Misal üçün, Amnisti İnterneyşenal təşkilatı “siyasi məhbusları” “siyasi motivlərlə cinayət törətmiş şəxslər” kimi müəyyən edir. Bildiyimiz kimi, müasir dövrdə dünya ictimaiyyəti üçün qlobal təhdid olan terror təşkilatları məhz siyasi məqsədlər və ya motivlərlə fəaliyyət göstərir. Göründüyü kimi, Amnisti İnterneyşenal təşkilatının meyarına əsaslansaq, biz insanlıq əleyhinə ağır cinayətlər törətmiş terrorçuları siyasi məhbuslar kimi qiymətləndirmək məcburiyyətində qalarıq. 
Beləliklə, “siyasi məhbus” anlayışının hüquqi təbiətinin universal və ya regional beynəlxalq təşkilatlar səviyyəsində müəyyən¬ləşdirilməməsi praktikada bu və ya digər məhbusun və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin “siyasi məhbus” kateqoriyasına aid edilməsində ciddi kollizi¬yaların yaranmasına gətirib çıxarır. 
Bu kolliziyaların aradan qaldırılmasına nail olmaq məqsədilə 2001-ci ilin əvvəllərində Avropa Şurasının Baş Katibi Stefan Treçel, Evert Alkema və Aleksandr Arabaciyevdən ibarət müstəqil ekspertlər qrupu yaratdı. Ekspertlərə bir neçə siyasi məhbusun olması ehtimal edilən Avropa Şurasına üzv olan iki dövlətdə siyasi məhbusların mövcudluğunu müəyyənləşdirən meyarlar hazırlamaq mandatı verildi. Müstəqil ekspertlər qrupu qısa müddət ərzində Avropa Şurasının üzvü olan iki dövlətdə siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün meyarları özündə əks etdirən məruzə hazırladılar. Həmin məruzə 16 iyun 2001-ci ildə AŞ Baş Katibinə göndərilmiş və 24 oktyabr 2001-ci ildə Avropa Şurasının sənədi kimi qeydiyyatdan keçmişdir.
 
Xüsusilə vurğulamaq istərdim ki, müstəqil ekspertlərin hazırladığı məruzə sonradan AŞPA tərəfindən müzakirə olunmamış və onun plenar iclasında hüquqi sənəd kimi qəbul edilməmişdir. Beləliklə, müstəqil ekspertlərin hazırladığı məruzə Avropa Şurasına üzv dövlətlər üçün ümumtanınmış hüquqi sənəd olmamışdır. Odur ki, bu məruzədə siyasi məhbusların mövcudluğunu müəyyənləşdirmək məqsədilə təklif olunan meyarlar Avropa Şurasına üzv dövlətlər üçün ümumqəbul edilmiş hüquqi norma sayıla bilməzlər. 

Hesab edirəm ki, müstəqil ekspertlər qrupunun hazırladığı məruzəni burada təhlil etməyə ehtiyac yoxdur. Lakin məruzədə siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün təklif edilmiş meyarlarla bağlı bir məsələni diqqətinizə çatdırmağı vacib hesab edirəm. Müstəqil ekspertlər siyasi məhbusların mövcud olmasını müəyyənləşdirmək üçün 1989-1990-cı illədə BMT-nin missiyasının Namibiyada və sonradan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi Afrika Respublikasında istifadə etdikləri “Nerqard prinsipləri” əsasında hazırlanmış meyarları tətbiq etmişlər. Ekspertlər öz məruzələrində bu ölkələrin hökumətlərinin siyasi məhbusların mövcudluğunu qəbul etdiklərini də qeyd etmişlər. 

Bundan əlavə, professor Nerqardın tədqiqat¬ları göstərilmiş ölkələrdə milli barışıq missiyasının tərkib hissəsi idi. Belə ki, həmin dövrdə Namibiyanın və Cənubi Afrika Respublikasının cəmiyyətləri parça¬lan¬mışdı. Həmin dövlətlərin ərazilərində milli və irqi zəmində silahlı qarşıdurma hökm sürürdü. Lakin Avropa Şurasına üzv olan və ya üzvlüyə namizəd olan ölkələrdə isə vəziyyət Namibiya və Cənubi Afrika Respublikasından köklü surətdə fərqli ol¬muşdur. Belə ki, Avropa cəmiyyətləri parçalanmamışdılar və bu səbəbdən də milli barışıq missiyasına ehtiyac olmamışdır. Odur ki, Avropa Şurası ekspertlərinin və professor Nerqardın missiyaları biri-birindən əsaslı şəkildə fərqli olmuşdur.

Beləliklə, müstəqil ekspertlərin təklif etdikləri meyarlar Avropa Şurası məkanında mövcud reallıqları əks etdirmirdi. Bundan əlavə, bu meyarlar həmin vaxt tərtib edilmiş siyahı əsasında siyasi məhbus olmaları iddia edilən konkret şəxslərin işlərinə yenidən baxılmasını və ya onların azadlığa buraxılmasını nəzərdə tuturdu. Odur ki, müstəqil ekspertlərin təklif etdikləri meyarlar konsensus şəklində qısa müddət ərzində konkret məhbusların işlərinə baxılmasını nəzərdə tuturdu və müvəqqəti xarakter daşıyırdı.

Bildiyimiz kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları presedent, yəni məcburi xarakter daşıyır. Lakin insan hüquqlarının müdafiəsi sahəsində ən effektivli mexanizmə malik olan bu beynəlxalq məhkəmə öz fəaliyyətində və qəbul etdiyi qərarlarda “siyasi məhbus” anlayışından istifadə etmir. Aydın görünür ki, bunun səbəbi indiyədək heç bir ümumtanınmış beynəlxalq sənəddə, o cümlədən Avropa Şurasının sənədlərində “siyasi məhbus” anlayışının anlaşıqlı hüquqi təbiətinin müəyyən edilməməsindən ibarətdir.

Bununla belə, siyasi məhbus problemi vaxtaşırı olaraq AŞPA-nın Bürosunda və Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində gündəmə gətirilmişdir. Ümumiyyətlə, Büro və Komitə 2007-ci ildən 9 dəfə öz iclaslarında bu məsələni müzakirə etmişdir. 

Nəhayət, 2008-ci ildə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi “siyasi məhbus problemi” kimi iddiaların hüquqi əsaslarının olmaması qənaətinə gəlmişdir. Komitə, eyni zamanda, Avropa Şurasında “siyasi məhbus” məsələsi ilə bağlı bütün üzv dövlətlərə şamil edilə biləcək müvafiq sənədin və meyarların hazırlanaraq qəbul edilməsinin vacibliyini diqqətə çəkmişdir. 

Bundan başqa, AŞPA Bürosu da 2009-cu ildə Avropa Şurası çərçivəsində “siyasi məhbus” anlayışının meyarlarının hazırlanmasını vacib hesab etmişdir. Büro, öz növbəsində, məsələ ilə bağlı ümumtanınmış sənədin qəbul edilməsinə qədər üzv ölkələrə siyasi məhbus problemi üzrə təyin edilmiş məruzəçilərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdir. 
Büronun və Hüquq məsələləri komitəsinin bu qərarlarına baxmayaraq, indiyədək AŞPA-nın Plenar iclaslarında “siyasi məhbus” anlayışının hüquqi təbiətinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılmamış və üzv dövlətlər tərəfindən ümumtanınmış heç bir sənəd qəbul edilməmişdir. 
Digər tərəfdən, AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsi özünün 24 mart 2009-cu ildə keçirilmiş iclasında Avropa Şurasının üzvü olan 47 ölkədən yalnız birində siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin edilməsi barədə qərar qəbul etmişdir. 

Həmin komitə daha sonra özünün 16 dekabr 2009-cu il tarixli iclasında “siyasi məhbus” anlayışının meyarlarının və bu məsələ ilə bağlı müvafiq sənədin hazırlanmasını özünün təyin etmiş olduğu siyasi məhbus problemi üzrə xüsusi məruzəçiyə həvalə etmişdir. Başqa sözlə, xüsusi məruzəçiyə özünün hazırlayacağı meyarlar əsasında konkret üzv ölkədə siyasi məhbuslar haqqında məruzə hazırlamaq tapşırıldı. 

Beləliklə, bir məruzəçiyə eyni zamanda iki mandat verilmiş oldu. Xüsusilə vurğulamaq istərdim ki, konkret bu halda bir məruzəçiyə eyni zamanda iki hesabat hazırlaması üçün mandat həvalə edilməsi bu hesabatların obyektiv hazırlanacağına şübhə yaradır. Belə ki, məruzəçi, bir tərəfdən, “siyasi məhbusları” müəyyən etmək üçün meyarlar hazırlayır və onlara hüquqi don geyindirməyə çalışır. Digər tərəfdən, həmin məruzəçi özü hazırladığı meyarlar əsasında Avropa Şurasının konkret ölkəsində “siyasi məhbusların” mövcudluğunu müəyyən edir. Aydındır ki, məntiqdən uzaq olan bu fəaliyyət heç bir hüquqi çərçivəyə sığmır. Belə ki, professionallıq səviyyəsindən asılı olmayaraq, hər hansı bir mütəxəssisin hazırladığı meyarlar onun şəxsi fikirləri ola bilər. Belə meyarlar heç bir halda hüquqi kateqoriya kimi qəbul edilə bilməz.
 
Göründüyü kimi, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Avropa Şurasına üzv olan 47 ölkədən yalnız birində siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin edilməsi və “siyasi məhbus” anlayışının meyarlarının hazırlanmasının həmin məruzəçiyə həvalə edilməsi barədə qərarları həmin komitənin və AŞPA Bürosunun məsələ ilə bağlı öncə qəbul etdikləri qərarlarla ziddiyyət təşkil etmişlər. Komitə tərəfindən belə qərarların qəbul edilməsi, həm də Avropa Şurasına üzv ölkələrin bərabərliyi və hüququn aliliyi prinsiplərinin kobud şəkildə pozulmasına gətirib çıxarır, həmçinin istənilən üzv ölkəyə, o cümlədən mənim ölkəmə, qarşı ayrıseçkiliyə yol verilməsinə yol açır.

Onu da qeyd edim ki, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin təyin etdiyi xüsusi məruzəçi siyasi məhbuslar məsələsinin izlənilməsi və siyasi məhbusların müəyyənləşdirilməsi haqqında məruzə hazır¬lamışdır. Həmin məruzə komitəyə təqdim edilərək, 17 iyun 2010-cu il tarixdə komitədə rəsmi sənəd kimi qeydiyyata alınmışdır. Xüsusi məruzəçi tərəfindən hazırlanmış sənəd 2001-ci ildə müstəqil ekspertlərin təklif etdiyi meyarları yenidən gündəmə gətirilmiş və məruzə hazırlanarkən heç bir yeni ideyalara müraciət edilməmişdir.

Hörmətli konfrans iştirakçıları, bir məqamı da diqqətinizə çatdırmağı vacib hesab edirəm. Bir neçə dəfə AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin “siyasi məhbus” anlayışının meyarlarını özündə ehtiva etdirən sənəd barədə katibliyə müraciət etmişlər. Katiblik deputatların sorğusuna cavab olaraq, belə meyarların AŞPA-nın 1272(2002) saylı qətnaməsində öz əksini tapdığını bildirmişdir. Lakin bildirməliyəm ki, qeyd edilən qətnamədə Avropa Şurasına üzv ölkələrin yalnız birində dörd məhbusun məsələsi müzakirə edilir. AŞPA-nın bu sənədində “siyasi məhbus” anlayışı ilə bağlı heç bir meyar öz əksini tapmamışdır. Bir daha vurğulamaq istəyirəm ki, belə bir meyarlar indiyədək AŞPA-nın plenar iclaslarında qəbul edilməmişdir. 
Beləliklə, belə bir qənaətə gəlirik ki, hazırda Avropa Şurasında “siyasi məhbus” anlayışına dair bütün üzv dövlətlər tərəfindən tanınmış sənəd qəbul edilməmişdir. Belə bir şəraitdə bu nüfuzlu təşkilata üzv olan hər hansı bir dövlətdə siyasi məhbusların olması barədə iddiaların irəli sürülməsi Avropa Şurasının təməl prinsipləri olan üzv dövlətlərin bərabərliyi və hüququn aliliyi prinsiplərinin pozulmasına və həmin üzv dövlətə qarşı ayrıseçkiliyə gətirib çıxarmış olur. Odur ki, Avropa Şurasının üzvü olan istənilən ölkə, o cümlədən mənim ölkəm, siyasi və digər konyunkturalardan asılı olaraq istənilən zaman ayrıseçkiliyə məruz qala bilər. Bu isə, öz növbəsində, təcili şəkildə “siyasi məhbus” anlayışının meyarlarının işlənib hazırlanmasını və onun hüquqi kateqoriya kimi müəyyənləşdirilməsini labüd edir. Ümumiyyətlə, hesab edirəm ki, “siyasi məhbus” anlayışının meyarlarının olmaması AŞPA-nın, həmçinin Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin nüfuzuna ciddi zərbədir.

Çıxışımın sonunda bir daha Sizə minnətdarlığımı bildirirəm və Sizi müzakirələrdə aktiv iştirak etməyə çağırıram.
Diqqətinizə görə təşəkkür edirəm.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib