Şamaxıda Sabir qiraət müsabiqəsi

Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğulduğu Şamaxıda onun yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi başa çatmışdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun bu ilin martında elan etdiyi müsabiqə rayonun təhsil ocaqlarını əhatə etmiş, minlərlə Sabirsevər yarışmanın iştirakçısı olmuşdur.

Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğulduğu Şamaxıda onun yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi başa çatmışdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun bu ilin martında elan etdiyi müsabiqə rayonun təhsil ocaqlarını əhatə etmiş, minlərlə Sabirsevər yarışmanın iştirakçısı olmuşdur.
Sabir qiraət yarışmasının başa çatması münasibətilə Şamaxı şəhərində keçirilən mərasimdə Söz Azadlığını Müdafiə Fondunun sədri, şair Musa Yaqub bildirdi ki, müsabiqəni keçirməkdə məqsəd şairlər vətəni olan bu bölgədə ədəbi-mədəni mühiti fəallaşdırmaq, böyük satirikin ölməz irsi ilə çağdaş oxucular arasında davamlı əlaqə yaratmaq olmuşdur. Yarışmada təkcə tələbə və şagirdlər deyil, ziyalılar, müxtəlif peşə sahibləri də Sabir şeiri ilə yaxından təmasda olmuş, ondan mənəvi-estetik zövq almışlar. Sabir həmişə olduğu kimi, bu gün də böyük maraqla oxunur, sevilir. Onun əbədiyaşar poeziyası bu gün də insani naqislikləri, milli bəlaları hədəfə almaqla, mənəvi təmizliyə xidmət edir. 
Münsiflər heyətinin sədri, xalq artisti Tofiq İsmayılov müsabiqənin təşkili və yekunları barədə məlumat verərək söylədi ki, bütün təhsil ocaqlarında keçirilən müsabiqənin ilk turunun 61 qalibi finalda yarışmışdır. Sabir şeirlərinin 10 ən yaxşı ifaçısı mükafata layiq görülmüşdür. Ruslan və Günay Məmişovlar birinci, Lamiyə Mirzəyeva, Zərəfşan Kərimova və Afaq Qarayeva ikinci, Elnarə Pənahova, Nəzrin Əfəndiyeva, Nuranə Heybətova, Elcan Məcduna və Tərlan Məmmədov isə üçüncü yer qazanmışlar.
Azərbaycan Yazıçılar Birliyinin təmsilçisi Ədalət Əsgəroğlu, yerli ziyalı, filologiya elmləri namizədi Eyvaz Eminalıyev, şair Musa Ələkbərli, bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov ənənəvi Sabir poeziya günlərində başa çatan bu müsabiqənin şairin zəngin irsinin indiki nəsillərə çatdırılmasında önəmli olduğunu söylədilər, onun təşkilatçılarına təşəkkür etdilər, qaliblərə daha böyük sənət sevinci arzuladılar.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Əşrəf Şükürov Şirvan torpağını şöhrətləndirmiş dahi söz ustası Mirzə Ələkbər Sabirin xatirəsinin onu yetirən torpaqda həmişə əziz tutulduğunu, daim ehtiramla yad edildiyini vurğuladı. O əlavə etdi ki, Şamaxıdan millət vəkili seçilmiş Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının sədri Elxan Süleymanovun təşəbbüskar fəaliyyəti ilə Şirvanın böyük şairlərinin həyat və yaradıcılığına maraq xeyli artmışdır. Onların xatirəsinin əbədiləşdirilməsi, irsinin təbliği ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Məlhəm kəndində Əfzələddin Xaqaninin heykəli, Şamaxı şəhərində Seyid Əzim Şirvaninin qəbirüstü abidəsi zövqlə bərpa edilmişdir. AVCİYA Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının və Şamaxı Humanitar Kollecinin tələbələri üçün Ə.Xaqani və S.Ə.Şirvani təqaüdləri təsis etmişdir. AVCİYA və SAMF rayona əsl mədəni hamilik göstərir.
AVCİYA sədri, millət vəkili Elxan Süleymanov qaliblərə mükafatları və müsabiqənin diplomlarını təqdim etdi. O bildirdi ki, bundan əlavə, 20 qalibin hər birinə il ərzində ayda 50 manat təqaüd veriləcək.
Mərasimdə bildirildi ki, Sabir qiraət müsabiqəsi gələn ildən respublika üzrə keçiriləcək, Şirvan ədiblərinin milli ədəbiyyatımızda tutduğu şərəfli yer daim müxtəlif tədbirlərlə anılacaq.
Bununla bağlı artıq təşkilat komitəsi yaradılmışdır.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib