Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

[ 01 Fevral 2011 11:41 ]

Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

[ 01 Fevral 2011 11:41 ]
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

– Millət vəkili olaraq ilk dəfə AŞPA-nın iclaslarına qatıldınız. İlk iclas barədə təəssüratlarınız necə oldu?

– Mən Azərbaycan nümayəndə heyətinin üzvü olaraq AŞPA-nın 3 komitəsinə – Siyasi, Monitorinq, İnsan Haqları və Hüquq komitələrinə üzv seçilmişəm. İlk fəaliyyətim də İnsan Haqları və Hüquq Komitəsindən başladı. Yeni üzv kimi yanvarın 24-də Avropa Şurasının iqamətgahında bu Komitənin iclasında iştirak etdim. Elə ilk iclasda Almaniyadan olan həmkarımız Kristofer Ştrasserin Azərbaycana dair məruzəsi barədə çox qəribə müzakirədən heyrətləndim. Məncə, Komitə üzvləri müzakirə predmeti olan siyasi məhbus məsələsi barədə Büro və Komitənin özünün son 5 ildə çıxardığı qərarlardan ya xəbərsiz idilər, ya da özlərini xəbərsiz kimi göstərməyə çalışırdılar. Bu səbəbdən də, təcili şəkildə bəzi araşdırmalar apararaq məsələnin xronologiyasını hazırladım. Komitənin bu məsələyə ciddi hüquqi və qərəzsiz mövqedən yanaşmasını Büronun yaxından izləyəcəyinə əminliyimi ifadə edib AŞPA prezidentinə, komitənin sədrinə, katibinə, və üzvlərinə məktubla müraciət etdim.

– Ümumilikdə AŞPA-nın son zamanlar Azərbaycanda siyasi məhbus məsələsini yenidən gündəmə gətirməsi nədən qaynaqlanır?

– Mən ötən 4 ildə bununla bağlı baş verən hadisələri xronoloji ardıcıllıqla AŞPA prezidentinə göndərdiyim məktubda göstərmişəm. 2007-ci il dekabrın 18-də Purqurides və İnsan Haqları və Hüquq Komitəsinin bütün üzvləri “Azərbaycanda siyasi məhbuslar məsələsinin izlənilməsi”nə dair təklif təqdim edib. 2008-ci il martın 13-də AŞPA Bürosu bu təklif ilə əlaqədar qərarı 2008-ci ilin iyun ayına qədər təxirə salmaq qərarı verib. 2009-cu il yanvarın 26-da Büro təklifi “hesabat üçün” İnsan Haqları və Hüquq Komitəsinə ötürmək qərarına gəlir. Cənab Ştrasser məruzəçi təyin olunur. AŞPA Bürosunun bütün üzvləri ikili standartlar və bir sıra ölkələrdə fərdi hallara görə meyarların mümkün pozulmasından çəkinmək məqsədilə bütün üzv dövlətlər üçün müvafiq olan “siyasi məhbuslar anlayışının müəyyənləşdirilməsi”nə dair hesabat üçün təklif təqdim edirlər. Həmin il iyunun 22-də Büro İnsan Haqları və Hüquq Komitəsinin bu təkliflə bağlı fikrini öyrənmək qərarına gəlir. Sentyabrın 11-də İnsan Haqları və Hüquq Komitəsi hətta gündəlikdə olduqda belə, Büro tərəfindən fikrin öyrənilməsi barədə xahiş ilə məşğul olmayıb. Purquridesin təklifinin ardınca Komitə mövzunu növbəti iclasa qədər təxirə salmaq qərarı verib. Sentyabrın 29-da isə məsələ Strasburqda plenar iclas zamanı İnsan Haqları və Hüquq Komitəsinin iclasında müzakirə olunub. O vaxt sədr Purqurides və bəzi üzvlər bu hesabatın Ştrasserin məruzəçiliyi ilə Azərbaycana dair mövcud hesabata daxil edilməsinin tərəfdarı idi. Lakin müzakirə və açıq səsvermədən sonra İnsan Haqları və Hüquq Komitəsi hesabatın daxil edilməsi mövqeyini nəzərə almadan Bürodan “hesabat üçün” bu təklifin ona göndərilməsini xahiş etmək qərarına gəlib ki, bu isə ayrıca hesabat deməkdir. Nəhayət noyabrın 19-da Komitənin fikrini nəzərə alaraq, Büro “hesabat üçün” bu ikinci təklifi İnsan Haqları və Hüquq Komitəsinə ötürüb, bu da bir daha ayrıca hesabat deməkdir. Dekabrın 16-da isə Purquridesin sədrliyi və təklifi ilə Komitə Ştrasseri (o iştirak etmədiyi zaman) “siyasi məhbuslar anlayışının müəyyənləşdirilməsi” üçün məruzəçi təyin edib. 2010-cu ilin iyun ayında Assambleyanın plenar iclası zamanı İnsan Haqları və Hüquq Komitəsi Ştrasser tərəfindən işlənib hazırlanmış hesabatın ilkin variantını araşdırıb. Büronun və Komitənin əvvəlki qərarlarına baxmayaraq, Ştrasserin bir və yeganə məruzəçi olmaqla, hər iki hesabatın (Azərbaycanda siyasi məhbusların vəziyyətinin izlənilməsi və siyasi məhbus anlayışı) bir hesabatda birləşdirilməsi qərarına gəlib.

– Siz bu “siyasi məhbus” məsələsinin çözülməsi yolunu necə görürsünüz və hansı təklifləriniz var?

– Hüquq Komitəsinin yanvarın 24-də keçirilən iclasında Purqurides bir daha “siyasi məhbusun müəyyənləşdirilməsi”nə dair ayrıca hesabatın hazırlanması üçün səbəb olmadığını bəyan etdi. Bu mövqe Büronun “siyasi məhbusun müəyyənləşdirilməsi” barədə ilkin hesabatın hazırlanmasına dair qərarına ziddir. Bu qərar faktı açıq-aşkar sübut edir ki, Büronun fikrincə, bu meyarları müəyyənləşdirmək və ya ən azı mümkün mövcud meyarları nəzərdən keçirmək və reallaşdırmağa ehtiyac var. Öyrəndim ki, bir məruzəçi Ştrasser tərəfindən birinci hissədə siyasi məhbusun müəyyənləşdirilməsi, ikinci hissədə isə eyni məruzədə bu meyarları bir ölkəyə tətbiq etməklə, artıq Komitə tərəfindən razılaşdırılmış bir və yeganə hesabat hazırlanır. Bu mövqe Büronun qərarına və Komitənin ilk qərarına ziddir. Hər hansı vəkil üçün eyni şəxsin meyarları müəyyən edə bilməsi və daha sonra eyni hesabatda bir ölkəni “öz” meyarlarına uyğun qiymətləndirməsi qəbuledilməzdir. Bu, hüquq normasının bütün əsas prinsiplərinə də uyğun gəlmir. Bu cür meyarlara dair yekun qərarı məruzəçi və komitə verə bilməz.
Bu cür meyarlara dair yekun qərarı bütün üzv dövlətlərin marağı, eləcə də təşkilatın özünün maraq və etibarına hörmət edilə bilən çox açıq və aşkar müzakirədən sonra yalnız AŞPArlament Assambleyasının plenar iclası qəbul edə bilər. Bütün bu səbəblərə görə mən ümumilikdə İnsan Haqları və Hüquq Komitəsi və xüsusilə onun sədrinin qərəzli yanaşmasına tamamilə etiraz edirəm. AŞPA üzvü kimi, Büro və İnsan Haqları və Hüquq Məsələləri Komitəsinin qərarlarına hörmət edilməsində təkid edirəm. Düşünürəm ki, Azərbaycan rəsmiləri də AŞPA-nın Bürosuna, eyni zamanda, ölkəmizə hüququn aliliyinə hörmət edərək siyasi məhbus anlayışı ilə bağlı kriteriyalar müəyyənləşməmiş, həmin məsələ ilə bağlı AŞPA-nın Plenar sessiyasında müvafiq konvensiyanın və ya qətnamə qəbul edilməmiş hər hansı bir hesabatın hazırlanmasının əleyhinədir.

– Sizcə bu kriteriyalar kim tərəfindən hazırlanmalıdır? Bu işlər kimə həvalə olunmalıdır?

– Mən şəxsən hüquqi sənədin olmaması ilə yanaşı iki məruzənin bir məruzəçiyə verilməsini absurd hesab edirəm. Fikrimcə, məsələnin obyektiv, qərəzsiz və ayrıseçkiliyə yol vermədən həllinə nail olmaq üçün İnsan Haqları və Hüquq Komitəsi “siyasi məhbus” məsələləri üzrə alt komitə yaradılması barədə qərar qəbul etməlidir. Həmin alt komitənin üzvləri tərəfindən “siyasi məhbus”anlayışını və siyasi məhbusların müəyyən edilməsi üçün kriteriyaları özündə ehtiva edən sənəd layihəsi hazırlanmalıdır. Bu layihə AŞPA-nın plenar sessiyasında səsə qoyularaq qəbul edildikdən sonra AŞ-na üzv olan 47 dövlətin hamısına şamil edilə biləcək hüquqi sənəd olur. Həmin sənəd ya Avropa Şurasının müvafiq konvensiyası və ya AŞPA-nın qətnaməsi formasında ola bilər. Yalnız AŞ çərçivəsində ümumtanınmış belə bir sənəd qəbul edildikdən sonra, AŞ-na üzv ölkələrinin hər hansı birində, o cümlədən Azərbaycanda, siyasi məhbus olması ehtimalı olduqda, həmin ölkə üzrə məruzəçi təyin edilə bilər. Alt komitə öz gələcək fəaliyyətini Avropa Şurasına üzv ölkələrdə siyasi məhbus məsələləri üzrə heç bir ayrı-seçkiliyə yol vermədən monitoriqlər aparmaqla davam etdirməlidir. Mən millət vəkili olaraq hər hansı digər orqan deyil, Avropa Şurası Parlament Assambleyası tərəfindən rəsmi sənədin (konvensiya və ya qətnamənin) qəbul edilməsi üçün təkidimdə qalıram və növbəti iclaslarda da bu məsələni qaldıracağam. Hesab edirəm ki, hər hansı konkret şəxs “siyasi məhbus” anlayışı və meyarlarını özündə əks etdirən sənəd hazırlaya bilməz, bu yalnız məsələ ilə bağlı onun fikirləri və ya mövqeyi ola bilər. Bununla yanaşı, konkret şəxs belə bir meyarlar hazırlasa belə, həmin ölkə üzrə məruzəçi ola bilməz.

– AŞPA-nın bu günədək “siyasi məhbus” kriterisini müəyyənləşdirməməsi hansı səbəblərdən irəli gəlir?

– Sirr deyil ki, iddia edilən siyasi məhbuslar problemi yalnız Azərbaycanı deyil, Avropa Şurasına üzv olan bir çox dövlətləri də narahat edən çox incə bir məsələdir. Bir üzv dövləti ittiham etməyə cəhd məqsədilə qərəzli yolla yaradılmış meyarların öz ölkələrində bir çox digər halları mürəkkəbləşdirə bilməsindən qorxan digər dövlətlərdən olan bir çox həmkarlarımızın narahatlığı başa düşüləndir. Siyasi məhbus anlayışı kriterilərinin müəyyənləşməsi ilə bağlı AŞPA qətnamə qəbul etdikdən sonra qurumun əksər üzvləri Azərbaycanda iddia edilən siyasi məhbuslara dair hesabatın hazırlanmasını əhəmiyyətli hesab edərsə, mən bu fikrə qarşı çıxmayacam. Lakin bizim ikili standartların qurbanı olmamaq hüququmuz var. Bizim haqqımız var ki, plenar iclas tərəfindən qəbul edilən və bütün üzv dövlətlər üçün tamamilə müvafiq olan universal meyarlar və standartlara dair araşdırma aparaq.

– Belə olan təqdirdə hansısa məruzəçinin Azərbaycana səfəri və hansısa hesabat hazırlaması da doğru olmazdı.

– Mən bu fikrmdə qalıram. AŞPA-nın plenar iclası tərəfindən bu meyarlar aydın müəyyən edilməyənə qədər, Azərbaycana hər hansı məruzəçinin səfərini dəstəkləmək üçün heç bir səbəb görmürəm. Bu cür məruzəçi ölkəmin yaxşı imicinə zərər vurmaq, bütün üzv dövlətləri çətin vəziyyətə salmaq və nəhayət, AŞPA-nın beynəlxalq təşkilat kimi etibarını sual altına almaq üçün bu səfərdən istifadə edə bilər. Ona görə də siyasi məhbusların müəyyənləşdirilməsinin universal meyarları barədə məsələ Avropa Şurasının plenar iclasında açıq müzakirə edilməyənə və tamamlanmayana qədər səlahiyyətli orqanlarımıza bu mövzuya dair hər hansı məruzəçinin dəvət edilməsini tövsiyə etməyəcəyəm.

– Bəs qarşı tərəf sizin bufikrlərinizə hansı arqumentlə cavab verir?

– Hüquq Komitəsinin iclasında aparılan müzakirələrlə bağlı həmin Komitənin sədri və katibliyinə müraciət etdim. Onlardan siyasi məhbus anlayışı və meyarlarnın müəyyənləşdirilməsinə dair AŞPA tərəfindən plenar iclasda qəbul edilən hər hansı qərarın nüsxəsini mənə göndərmələrini xahiş etdim. Müraciətə cavab olaraq katiblik bir sıra konkret məhbusların, xüsusilə Əlikram Hümbətov, İsgəndər Həmidovun və Rəhim Qazıyevin azad edilməsi və ya onların işlərinə məhkəmədə yenidən baxılması barədə AŞPA-nın 2002-ci ildə qəbul etmiş olduğu 1272 (1) saylı və özündə heç bir meyarları əks etdirməyən “Azərbaycanda siyasi məhbuslar” adlı qətnaməsini təqdim etdi. Mən bununla Katibliyin nəzərinə çatdırdım ki, bu qətnamə özündə nə “siyasi məhbus” anlayışını, nə də heç bir meyarı əks etdirmir. Deyə bilərəm ki, mənim İnsan Haqları və Hüquq Komitəsinin sədrinə və katibliyinə ünvanladığım müraciət cavabsız qalıb.

– Ştrasserin bu məsələ ilə bağlı verdiyi açıqlamalardan da yəqin ki xəbərdarsınız.

– Təbii ki. Bu gün Hüquq Komitəsinin məntiqinə görə Ştraser özü kriteri yazır, sonra onu Plenar Sesiyada təsdiq etdirmədən Azərbaycanın üzərində ekspriment aparmağa cəhd göstərir. Hətta Ştrasser bu cəhdi çox fəallıq və canfəşanlıqla etməyə çalışır. Guya Azərbaycanın Almaniyadakı səfirliyi ona viza vermir və bu kimi digər xoşagəlməz ifadələr səsləndirir. Bir məsələni də deyim. O, yanvarın 24-də Azərbaycan nümayəndə heyətini və AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərini (Debono Qrex və Pedro Aqramundu) xəbərdar etmədən Strasburqda bir neçə QHT nümayəndələri ilə görüşlər keçirib. Avropanın aparıcı ölkələrindən bir olan Almaniya Bundestaqının deputatı Ştraserdən və Yunanıstanın deputatı Purquridesdən soruşuram: “Mən və bizlərdən hər birimiz hüquqi sənəd olmadan sizin ölkənizə gələrək, ölkənizin rəsmiləri və şəxsən sizlərlə görüşüb siyasi məhbus problemini müzkirə edə bilərdikmi? Tərəddüd etmədən deyirəm: Yox! Faktlar Purquridsin AŞPA Bürosunun qərarına məhəl qoymadan Azərbaycana açıq-aşkar qərəzli mövqedən çıxış etdiyini və öz məqsədlərinə nail olmaq üçün Büro üzvlərini bilərəkdən aldadaraq onlara guya “siyasi məhbus” anlayışı və meyarı ilə bağlı AŞPA-nın plenar iclasında qəbul edilmiş qətnamənin olması kimi səhv məlumat verdiyini sübut edir.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib